“Sabah” Çempionlar Liqasının Liqa mərhələsinə məğlubiyyətlə başladı.
Əfsanəvi “Old Trafford”da İngiltərə nəhəngi “Mançester Yunayted” önündə 0:4 hesablı məğlubiyyətdən qaçmaq mümkün olmadı.
Cari mövsümdən etibarən UEFA “UEFA Champions League Debut Patch” adlı xüsusi debüt nişanı tətbiq etməkdədir. Bu, futbolçunun Çempionlar Liqasının Liqa (qrup) mərhələsində ilk dəfə meydana çıxdığını göstərir.
Beləliklə, futbolçu Çempionlar Liqasının Liqa (qrup) mərhələsində ilk dəfə meydana çıxanda formasının qolundakı “UEFA Champions League Starball” emblemində göy rəngli xüsusi “Debut” elementi yapışdırılır.
Futbolçu oyuna əvəzetmədən daxil olsa belə, bu, debüt sayılır və xüsusi nişan tətbiq olunur. Matçdan sonra həmin hissə formadan çıxarılır. Futbolçu növbəti oyunlarda həmin emblemi bir daha taxmır.
Sentyabrın 10-da baş tutan “Mançester Yunayted” – “Sabah” qarşılaşması təmsilçimizin 15 futbolçusu üçün əlamətdar olub. Bunlardan 10-nu əsas heyətdə meydana çıxanlar, 5-i oyuna sonradan qoşulanlardır:
Stas Pokatilov, Akim Zedadka, Rəhman Daşdəmirov, Eyden Makkarti, Timoteuş Puxaç, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Kristian Nvaçukvu, Kahim Parris, Coy-Lens Mikels, Du Keyrus, Junior Almeyda, Aleksey İsayev, Abdulah Xaybulayev və Orfe Mbina.

“Sabah”ın bu futbolçularının sağ qolunda debüt nişanı olub.
Göründüyü kimi, siyahıda Velko Simiç yoxdur. Bu da səbəbsiz deyil.
Belə ki, serbiyalı futbolçu hazırkı heyətdə Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş yeganə futbolçudur. O, 2018/19 mövsümündə “Srvena Zvezda”nın heyətində PSJ, “Liverpul”, “Napoli” kimi nəhənglərə qarşı 5 oyunda 206 dəqiqə mübarizə aparıb.
Məhz bu səbəbdən “Mançester Yunayted”də qarşılaşmada “Sabah”dan yalnız Simiçin qolunda debüt nişanı olmayıb.
HƏBİB / SPORTİNFO.AZ

