“Son vaxtlar həm meydanda, həm də yaşıl meydandan kənarda sistemli təzyiqlərlə üzləşirik”.
Bu sözlər “Turan Tovuz”un rəsmi sosial şəbəkə hesablarında yazılıb.
“Təmiz qolumuz sayılmır, 5 dəqiqə VAR-da incələnməsinə baxmayaraq qapımıza gülünc penalti təyin olunur. Klub olaraq hər iki cəbhədə mübarizəmizi davam etdiririk.
Klubumuza qarşı edilən haqsızlıqları həm siz – dəyərli azarkeşlərimiz, həm də futbol ictimaiyyəti aydın şəkildə görür.
Belə məqamlarda ən böyük gücümüz sizin dəstəyiniz və komandamızın ətrafında birliyimizdir. Sizdən xahiş edirik ki, hər zaman olduğu kimi, bu mübarizədə də komandamızın və klubumuzun yanında olasız. “Turan” ailəsi olaraq mübarizəmizi birlikdə davam etdirəcəyik!” - deyə, paylaşımda qeyd edilib.
Qərb klubunun narazılığı Premyer Liqanın beşinci turunda ”Araz-Naxçıvan”la keçirilən oyunun idarəçiliyindəndir. Belə ki, ”bozqurdlar” 2:1 hesabıyla öndə olduqları görüşün 81-ci dəqiqəsində öz qapısında penalti görüb.
Aleksey Kenyaykinlə Mohamed Maranın cərimə meydançası daxilində girdiyi ikili mübarizədən sonra Elçin Məsiyev nominal ev sahiblərinin lehinə ”onbir metr”ə təyin edib və Ağadadaş Salyanski fürsəti qaçırmayıb.
Bu hadisə “Turan Tovuz“ üçün gözlənilməz olmayıb. Tovuzun futbol camiəsinə yaxınlığı ilə bilinən tanınmış jurnalist İxtiyar Əsgərovun qarşılaşmadan öncə yazdıqlarına diqqət yetirək:
“Təxminən iki saat sonra başlayacaq V turun “Araz-Naxçıvan” - “Turan Tovuz” matçının baş hakimi Elçin Məsiyev olacaq, AVAR-da isə Müslüm Əliyevdir. Bu hakimlər ötən tur da “Araz-Naxçıvan”ın oyununa təyinat almışdılar.
Belə ki, IV turun “Qarabağ” – “Araz-Naxçıvan” görüşündə Elçin Məsiyev VAR, Müslüm Əliyev yan xətt hakimi idi. Hətta Müslüm bəy III turun “Sabah” – “Araz-Naxçıvan” qarşılaşmasında da yan xətdə idi.
Görəsən, niyə? Ölkədə hakim qıtlığı yaranıb ki, eyni adlar ardıcıl olaraq eyni komandanın oyunlarına təyin olunur?
Başqa hakim yoxdu? “Araz-Naxçıvan” turnir cədvəlinin son pillələrində qərarlaşıb. Komanda keçirdiyi 4 oyunun 3-də uduzub, birində heç-heçə edib.
Bu səbəbdən Cavid Hüseynovun komandasına xal və ya xallar hava-su kimi lazımdır. Əks təqdirdə, istefası gündəmə gələ bilər. Təki oyundan sonra hakimliklə bağlı söz-söhbət, şübhələr olmasın“.
Əsgərovun narahatlığı əbəs deyilmiş. Olayın yaşanacağını necə təxmin eləmişdisə, elə də oldu. Onun matçdan sonra qələmə alıdqlarına da nəzər yetirək:
“Azərbaycanda necədir bilmirəm, amma bəzi Afrika ölkələrinin çempionatlarında hansısa hakim rəğbət bəslədiyi komandanı məğlubiyyətdən qurtarmaq üçün rəqibin qapısına olmayan penalti təyin edirsə və bu səhv qərara görə 5-6 oyunluq cəza alırsa, həmin komanda o hakimə artıqlaması ilə görüm-baxır edir. Necə deyərlər, “əl əli yuyar, əl də üzü”.
Məşhur “Qafqaz əsiri” filminə çoxları baxıb. Saaxov da öz mövqeyindən, səlahiyyətlərindən məharətlə yararlanırdı. Tabeliyində olanlar onun qərarlarına göz yumur, əvəzində isə mükafat alırdılar.
Yəni, haqsızlığın hökm sürdüyü mühitlərdə qarşılıqlı maraqlar hər zaman ədaləti üstələyir. Saaxovun ətrafındakılar da onun “səhvlərini” ört-basdır edib, öz maraqlarını, ciblərini güdürdülər.
Eh, Afrika... Nə yaxşı ki, bizim Premyer Liqada oxşar hallara rast gəlmək olmur“.
“Araz-Naxçıvan”- “Turan-Tovuz” oyununda qeyd edilən qalmaqallı epizod:
