"Sabah"ın prezidenti: "Çox istərdik ki, çempionat davam etdirilsin"

6 May 2020 17:56 Sabah 518
"Sabah"ın prezidenti: "Çox istərdik ki, çempionat davam etdirilsin"

Sportinfo.az "Sabah"ın prezidenti Maqsud Adıgözəlovun müsahibəsini təqdim edir:

- Mayın 23-də Premyer Liqanın bərpa olunacağı gözlənilsə də, karantin müddəti yenidən uzadıldı. Bu qərara münasibətiniz necədir?

- Əlbəttə, hamı kimi biz də çempionatın başlamasını istəyirik. Hamımız futbol üçün çox darıxmışıq. Lakin hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun davranmalıyıq. Bizim üçün insanların sağlamlığı hər şeydən önəmlidir. "Sabah" klubu olaraq Operativ Qərargahın qəbul etdiyi qaydalara tam riayət edir və koronavirusla mübarizə istiqamətində atılan addımları dəstəkləyirik.

- Sizcə, karantinin müddətinin uzadılması mövsümün ləğvinə gətirib çıxara bilərmi?

- Mövsümün ləğv olunmasını istəməzdik. Çempionatı başa vurmaq niyyətindəyik. Cari mövsümdə avrokuboklar uğrunda gərgin mübarizə gedir. Hətta son pillədə qərarlaşmış komandanın da Avropa Liqasına vəsiqə şansı qalır. Çox istərdik ki, çempionat davam etdirilsin. Məncə, bu, daha ədalətli olardı. Hazırda federasiyanın verəcəyi qərarı gözləyirik.

- Məşqlər bərpa olunarsa, futbolçuların meydana maska ilə çıxması gözlənilirmi?

- Fasilədən sonra məşqlərin necə keçirilməsi ilə bağlı klubumuzun həkimlərinin tərtib etdiyi proqram var. Bundan əlavə, AFFA da bu məsələ ilə bağlı proqram hazırlayıb. Məşqlərə başlayanda bu iki proqram əsasında hərəkət edəcəyik.

- AFFA müqavilələrlə bağlı təlimatı açıqladı. Bu məsələni və maaşları necə tənzimləməyi düşünürsünüz?

- Klubun əsas futbolçuları ilə müqavilələr iki il və daha artıq müddəti əhatə edir. Yalnız bir neçə oyunçunun müqavilə müddəti mövsümün sonunda bitir. Həmin futbolçularla da danışmışıq.

- Komandanı tərk etmək istəyənlər varmı?

- Oyunçular komandamızda mövsümün sonuna kimi çıxış etməyə razıdırlar. Fikrimcə, bu istiqamətdə heç bir problem yaşanmayacaq (report).

Digər Xəbərlər
Xəbər Lenti