Çempionlar Liqasında ilk tur arxada qaldı. “
Sabah“ qitənin ən mötəbər turnirinin əsas mərhələsinə İngiltərədə start verdi.
“Mançester Yunayted“ özünü çox əziyyətə salmadan 4 cavabsız qolla “bayquşlar“ın debütünü korladı.
Məhz burada “Sabah” üçün ən böyük qazanc başlayır. Bu 90 dəqiqə məğlubiyyətlə bitdi, amma təcrübə baxımından çox böyük bir dərs oldu.
“Sabah” cəmi doqquz il əvvəl yaradılmış klubdur. Bu gün isə həmin klub “Old Trafford”da “Mançester Yunayted”ə qarşı Çempionlar Liqasında oynayır.
Üstəlik, əsas mərhələyə təsadüfən gəlməyib: komanda dörd təsnifat mərhələsini keçərək bu səviyyəyə yüksəlib.
Ona görə də oyuna pessimist yox, inkişafın növbəti mərhələsi kimi baxmaq lazımdır.
Bu səviyyədə hər səhv çox baha başa gəlir, amma hər oyun futbolçulara daha sürətli qərar qəbul etməyi, təzyiq altında oynamağı, müdafiədən daha keyfiyyətli çıxmağı və Avropa səviyyəsində fiziki-taktiki tempə uyğunlaşmağı öyrədir.
UEFA-nın öz materiallarında da Valdas Dambrauskasın yanaşması məhz bu istiqamətdə təqdim olunur: məqsəd yalnız bu turnirdə iştirak etmək deyil, işləmək, öyrənmək və xəyal etməyə davam etməkdir.
Ona görə də “Sabah”a 4:0-a görə irad tutmaqdan daha çox, alqışlamağın tərəfdarıyam.
Bəli, səhvlər var.
Bəli, hesab ağırdır.
Bəli, bəzi epizodlarda komanda daha cəsarətli və daha keyfiyyətli oynamalı idi.
Amma “Sabah” Azərbaycan futbolunun son illərdə çatdığı nöqtəni “Old Trafford”un özündə göstərdi.
Və ən əsası, bu hekayə “Dumanlı Albion“da bitmədi. Əksinə, indi başlayır. Qarşıda hələ çox böyük rəqiblər, çoxlu oyunlar və çoxlu öyrənmə imkanları var.
“Sabah” bu təcrübədən düzgün nəticə çıxara bilsə, 0:4 gələcəkdə daha güclü komandanın formalaşmasına xidmət edən ən qiymətli dərslərdən birinə çevrilə bilər.
SPORTİNFO.AZ
