“Sabah” üçün 3 vacib fakt – Pley-offun açarı buradadır

19:40 Sabah 188
“Sabah” üçün 3 vacib fakt – Pley-offun açarı buradadır

“Sabah”ın Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək üçün kifayət qədər yaxşı şansı var.

Bunun üçün təmsilçimizin səfərdə Norveç çempionu “Vikinq” üzərində qələbə qazanması olduqca vacibdir.

İlk üç turda “Mançester Yunayted” və Dortmund “Borussiya”sına məğlub olan, Praqa “Slaviya”sını üstələyən “bayquşlar” hazırda 3 xala malikdir.

Norveç təmsilçisi üzərində mümkün qələbə komandamızın xal ehtiyatını 6-ya çatdıracaq. Bu isə qarşıdakı dörd oyunda qazanılacaq əlavə 1-2 xalın belə pley-off qapılarını “Sabah”ın üzünə açmaq ehtimalını artıracaq.

Necə ki, ötən mövsüm “Qarabağ” 8 xalla liqa mərhələsini adlamağı bacarmışdı.

Hazırda “Vikinq” qarşılaşmanın favoriti göstərilir. Bunun da kifayət qədər ciddi səbəbləri var. Norveç təmsilçisi doğma meydanda oynayacaq, azarkeş dəstəyindən yararlanacaq.

Üstəlik, komanda cari mövsümdə öz meydanında inamlı görünməkdədir. ÇL-in pley-offunda Zaqreb “Dinamo”sunu 3:1 hesabı ilə məğlub edən “vikinqlər” “Bavariya” ilə 3:3 hesablı heç-heçəyə razılaşıb. Norveçlilər cari avrokubok mövsümündə öz meydanında məğlubiyyət acısı yaşamayıb.

Buna baxmayaraq, “Sabah”ın qələbə şansını artıran detallar da az deyil.

İlk növbədə, rəqibin heyətindəki ciddi itkiləri qeyd etmək lazımdır. Norveçlilərin beş futbolçusu zədə səbəbindən meydana çıxa bilməyəcək. Komandanın əsas hücum silahlarından biri olan Peter Kristiansenin də qarşılaşmada iştirakı sual altındadır. Belə itkilər, şübhəsiz, norveçlilərin oyun planının qurulmasına və matçın gedişinə təsirsiz ötüşməyəcək.

Digər mühüm amil “Sabah”ın cari mövsümdə Skandinaviya təmsilçiləri ilə duellərdə uğurlu nəticələr qazanmasıdır.

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “bayquşlar”ın rəqibi Finlandiya çempionu KUPS idi. “Sabah” bu rəqibi mübarizədən kənarlaşdırmağı bacarmışdı. Növbəti mərhələdə isə komandanı Danimarka çempionu “Orhus”la duel gözləyirdi. Təmsilçimiz səfərdə 1:2 hesabı ilə uduzsa da, Bakıda rəqibinə heç bir şans vermədən 4 cavabsız qolla mərhələni adlamışdı.

Bu nəticələr göstərir ki, “Sabah” Skandinaviya futbol məktəbinin təmsilçiləri ilə qarşılaşmalarda uğur qazanmağı bacarır. Deməli, “Vikinq”lə görüşdə də təmsilçimizin şanslarını kiçiltmək olmaz.

Daha bir məqam isə “Sabah”ın üzərində ciddi təzyiqin olmamasıdır. Komandanın liqa mərhələsinə qədər yüksəlməsi özü Azərbaycan futbolu və 9 yaşlı klub üçün böyük uğurdur.

Pley-offa vəsiqə qazanılmasa belə, indiyə qədər görülən işlər tarixdə qalacaq. Bu baxımdan futbolçular meydana daha rahat və psixoloji baxımdan hazır çıxacaqlar.

Əvəzində “Vikinq” doğma meydanda oynayacaq və qələbə qazanmağa çalışacaq. Norveç klubunun “Sabah”ı kifayət qədər tanımaması, Azərbaycan təmsilçisinin Avropada hələ böyük ad qazanmaması da meydan sahiblərində müəyyən arxayınlıq yarada bilər. Bu isə düzgün taktika və intizamlı oyunla “bayquşlar”ın xeyrinə işləyə bilər.

Bir sözlə, “Sabah”ın Norveçdən qələbə ilə qayıtmaq üçün kifayət qədər yaxşı şansı var. Komandamız bunu bacararsa, pley-offa yüksəlmək imkanlarını xeyli artıracaq. Axı qarşıda daha dörd oyun var.

Noyabrın 4-dən 5-nə keçən gecə “Vikinq” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti