“Sampdoriya”ın hücumçusu Lorenzo Mezzotero Azərbaycan yığmasının düşərgəsinə gələ bilməməsinə təəssüflənib.
O, bunu AFFA rəsmiləri və millinin əməkdaşları ilə telefon danışığında dilə gətirib.
18 yaşlı forvard bildirib ki, B Seriyasının son oyununda ayağından aldığı zədə o qədər də ciddi deyil. Sadəcə, klubun həkimləri ona riskə getməməyi, bir neçə gün məşq etməməyi məsləhət görüb.
Mezzotero Bakıdan növbəti dəfə dəvət gələrsə, bu şansı dəyərləndirəcəyini söyləyib.
Yeri gəlmişkən, AFFA “Sampdoriya”ya müraciət edib. Federasiya Lorenzo Mezzoteronun zədəsinin ciddi olub-olmamasını araşdırmaq məqsədilə İtaliya klubuna sorğu göndərib.
B Seriyasının təmsilçisindən onun müayinəsinin nəticələri barədə məlumat istənilib. Qarşı tərəf AFFA-nın həssaslığını nəzərə alıb və rentgen nümunələrini Bakıya göndərib.
Məlum olub ki, 18 yaşlı hücumçu həqiqətən çempitonatın son turunda “Karrareze” ilə keçirilən matçda zədələnib. Sağ ayağının topuq nahiyəsindən xəsarət alıb.
O, tezliklə növbəti dəfə əlavə müayinələrdən keçiriləcək və durumu buna əsasən qiymətləndiriləcək. Lakin “Sampdoriya”da ilkin təəssüratlar müsbətdir.
Klubda zədənin ciddi olmadığı düşünülür. Bununla belə, məlum hadisə Mezzoteronun Azərbaycanın əsas millisinin heyətində ilk dəfə çıxış etmək imkanını təxirə salıb.
AFFA noyabrın 9-da adıçəkilən forvardın zədə səbəbindən millinin heyətindən çıxarıldığını açıqlayıb. Onun əvəzinə “Araz-Naxçıvan”ın qolçusu Ağadadaş Salyanski yığmaya dəvət olunub.
SPORTİNFO.AZ
