Azərbaycanı AÇ-2028-in pley-offuna aparan yolun xəritəsi - Nə etmək lazımdır?

19:40 Milli komanda 84
Azərbaycanı AÇ-2028-in pley-offuna aparan yolun xəritəsi - Nə etmək lazımdır?

Azərbaycan millisi D Liqasının 2-ci qrupunda sonuncu matçına çıxacaq.

İlk 3 oyunda Litva və Lixtenşteynlə bərabərə qalıb, Litvanı Bakıda məğlub edən ölkəmizin bir nömrəli futbol komandası 5 xalla qrupda liderlik edir.

Bu axşam Vadutsda baş tutacaq qarşılaşmadakı rəqib Lixtenşteyndir.

Hazırda Azərbaycan millisinin aktivində 5, Litvanın 4, Lixtenşteynin isə 1 xalı var. Bu gün qazanılacaq mümkün qələbə sayəsində yığmamız qrupda birinciliyi təmin edəcək.

Lakin bir məsələ var. UEFA-nın növbəti Millətlər Liqasının reqlamentində etdiyi dəyişikliklərə görə, qrup qalibi olmaq Azərbaycan millisinə ciddi üstünlük qazandırmaya bilər. Çünki İş burasındadır ki, D Liqasının bütün iştirakçılarının avtomatik olaraq C Liqasına yüksəlməsi nəzərdə tutulub. Belə olacağı təqdirdə D Liqası ləğv olunacaq.

Hazırda D Liqasında 2 qrupda 6 komanda mübarizə aparır. İndiki vəziyyətdə D Liqasında çıxış edən 6 komanda arasında ən yaxşı göstəriciyə malik olmaq AÇ-2028-in final mərhələsinə vəsiqə uğrunda pley-offda iştirak etmək üçün müəyyən şans yaradır. Ancaq bunun üçün əsas şərt təkcə Lixtenşteyni məğlub etmək deyil, eyni zamanda qrupun lideri Maltanı da qabaqlamaq lazımdır.

Azərbaycan millisindən fərqli olaraq 3 oyundan sonra Maltanın aktivində 7 xal var. Malta sonuncu qarşılaşmada noyabrın 16-da Cəbəllütariqlə səfərdə qarşılaşacaq. Top fərqində millimizin göstəricisi 2-1, Maltanınkı isə 4-2-dir.

Bəs pley-offa yüksəlmək üçün nə etmək lazımdır? Hansı nəticələr qeydə alınmalıdır?

İlk növbədə Maltanın Cəbəllütariqlə görüşdə xal itirməsini arzulamalıyıq. Deyək ki, matç heç-heçə başa çatdı. Bu, baş verəcəyi halda, yığmamız da Lixtenşteyni udsa, top fərqi əsas götürəcək. Ona görə də bizimkilərin azı 2 top fərqli qələbəsi mütləqdir.

Yox, Malta Cəbəllütariqi udsa, o zaman seçməmizin Vadutsdakı mümkün qələbəsi pley-off yolunda ciddi əhəmiyyət kəsb etməyəcək.

Deyək ki, gedişat bizim istədiyimiz kimi oldu, yəni Malta qələbə qazana bilmədi, millimiz isə Lixtenşteyni azı 2 top fərqi ilə uddu.

Belə olacağı halda, gələn ilin mart ayında start götürəcək Avropa çempionatının seçmə mərhələsində bizi kifayət qədər maraqlı hesablamalar gözləyəcək.

Yığmamızın pley-offa yüksəlmək şansını qoruması üçün Millətlər Liqasının A, B və C liqalarındakı qrup qalibi olan mümkün qədər çox komanda Avropa çempionatının seçmə mərhələsi vasitəsilə final mərhələsinə vəsiqə qazanmalıdır ki, D Liqasının ən yaxşı komandası üçün də boş yer yarana bilər.

Odur ki, bizə bu axşam Lixtenşteyni mümkün qədər çox qol vurmaqla məğlub etməsinə şahidlik etmək və 3 gündən sonra Maltanın Cəbəllütariqlə oyunda xal itirməsini arzulamaq qalır.

Bu halda Azərbaycan yığmasının AÇ-2028-in pley-offunda iştirak etmək imkanı yaranacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti