Əcnəbi məşqçi sevdası arxasınca düşməyə ehtiyac yoxdur

7 May 2021 16:00 Sabah 797
Əcnəbi məşqçi sevdası arxasınca düşməyə ehtiyac yoxdur

"Sumqayıt"ın sabahı öz əllərindədir.

"Sabah"la matçda da belə idi.

Şanslarını dəyərləndirib, bürünc yolunda "Zirə"ni 2 xal geridə qoya bilərdilər, məğlub olub, 1 xal geri düşdülər.

Kubok sstresi, finala vəsiqə "Sumqayıt"ın gücünü çox alıb. Ancaq bəxtləri gətirmişdi. "Sabah" "Neftçi" ilə qalmaqallı matçdan sonra heyətinin yarısını itirmiş, hakim haqsızlığına uğramış, psixoloji zərbəyə uğramışdı.

Sumqayıtlılar nə qədər yorğun olsa da, evdə ən azı 1 xal qazanmalıydılar. Visente Qomesin dövrü olsaydı, 3 xal ciblərində hiss edə bilərdilər. Bu dəfə Ayxan Abbasovun qarşısına həmkarı Ramin Quliyev çıxmışdı.

"Sabah"ın ehtiyat qüvvəsi var. Stabil çıxış etmək üçün elə sabit heyət olmalıdır. Baş məşqçi əvəzi "Sumqayıt"la oyunda bu problemin öhdəsindən artıqlamasıyla gəldi.

Komanda mövqe savaşında, əks-hücumlarda eyni bacarıqla çıxış etdi. Uzun müddətdir əsas heyətdən uzaq qalan kapitan Ruslan Abışov təcrübəli qapıçı Saşa Stamenkoviçlə müdafiənin dirəyinə çevrilmişdi.

Ruslan hücumların qurulmasında da aktiv iştirak edirdi. Ara, açar ötürmələri ilə "Sumqayıt"ın orta xəttini tez-tez oyundan kənar, iflic vəziyyətə salırdı. Kapitanın önə çıxıb qol ötürməsi etməsi də təsadüf sayılmamalıdır.

Ramin Quliyev Kevin Kubemba, Xulio Rodriqes və Fofananın potensialından oyunu quruluşu olaraq maksimum istifadə edə bildi.

İkinci qolda legionerlərin bir-biri ilə anlaşması, sürəti, müdafiəni uşaq kimi yarmaları ev sahiblərinin ümidlərini heçə endirdi. "Sumqayıt"dakı Mehdi Şərifi "Qarabağ"ın Kvabena Ovususu kimidir.

Hücumda ora-bura qaça-qaça komandasına xeyirdən çox, ziyan verir. Əli Qurbanisiz "Sumqayıt" hücum xəttinin çarəsini tapa bilmir. Belə oyunlarda mərkəzin köməyi ilə vingerlər önə çıxmalıdır.

"Sumqayıt"ın məğlubiyyəti yorğinluqdan çox, "Sabah"ın məzmunlu, istəkli çıxışına bağlanmalıdır.

Ramin Quliyev son iki matçda komandanı fərqli heyətlərlə oynatmasına, məcburi dəyişikliklərə getməsinə baxmayaraq, potensialını göstərdi və Masazır-Sumqayıt yolundan İspaniyaya - Qomesə atəşin salamlarını göndərdi.

"Sabah" mövsüm boyu belə çıxış etsəydi, ilk üçlükdə yerini qarantiləmiş olardı. "Sabah"da yenidən baş sındırıb əcnəbi məşqçi sevdası arxasınca düşməyə ehtiyac yoxdur.

Hazırkı baş məşqçi əvəzinə baş məşqçi statusunu verməklə, növbəti mövsümün cizgilərini cızmaq ən uyğun yol olar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti