"Qəbələ"nin ispanı: "Mən burada panikaya düşməmişəm"

27 Mart 2020 00:14 Qəbələ 486
"Qəbələ"nin ispanı: "Mən burada panikaya düşməmişəm"

Sportinfo.az "Qəbələ"nin ispaniyalı yarımmüdafiəçii Fernan Ferreyranın müsahibəsini təqdim edir:

- Koronavirus pandemiyası səbəbindən idman dünyasında sanki sükut yaranıb. Siz gününüzü necə keçirirsiniz?
- Əlbəttə ki, koronavirusa görə günlər darıxdırıcı keçir. Amma mümkün qədər günlərimin əyləncəli keçməsinə çalışıram. Filmlərə, seriallara baxıram. Ailəm və dostlarımla videozənglərlə danışıram. Çalışıram ki, evdə olsa da günümü əyləncəli keçirim.

- Bəs koronavirus barədə heç yazılar oxumursuz?
- Düz vurğuladınız, evdə koronavirus haqda da oxuyuram. Əslində nə vaxtsa belə bir hadisənin yaşanacağını ağlına gətirməzdim. Sadəcə ixtisaslaşmış insanların tövsiyələrini yerinə yetirməyə çalışıram. Karantin vəziyyətinə də riayət edirəm. Amma bu günlər ərzində panikaya düşməmişəm.

- Azərbaycanda vəziyyət stabil olsa da, ölkənizdən heç də yaxşı olmayan xəbərlər gəlir. İspaniyadakı vəziyyət sizin üçün narahatçılıq yaradır?
- Doğrudur, İspaniyada vəziyyət bir az çətindir. İnsanlar orada karantin rejimində yaşayırlar. Amma ümidimi itirmirəm. Əminəm ki, zaman keçdikcə vəziyyət düzələcək.

- Bu durumda futbol oynamaq mümkün olmadığından dünyanın demək olar ki, əksər yerlərində daxili liqalar təxirə salınıb. Azərbaycan çempionatı da minimum aprelin 14-nə kimi bərpa olunmayacaq. Bu müddətdən sonra sizcə, necə olacaq, müddət bir az da uzadılacaq, yoxsa çempionatın başlayacağını düşünürsünüz?
- Futbolçuların sağlamlığı baxımından məncə, doğru atılmış qərardır. Ümumiyyətlə, mən pozitivəm. Düşünürəm ki, vəziyyət düzələcək və biz yenidən futbol oynamağa başlayacağıq. Evdə fərdi məşqlər edərək yaxşı formada qalmaq istəyirəm.

- Avropada koronavirusa görə yaranmış fasiləyə görə futbolçularına maaş ödəməkdən imtina edən klublar var. Üstəlik, UEFA da klublara bir aylıq gecikmə ilə maaşların verilməsinə icazə verib. "Qəbələ"dən "maaşınız gecikə bilər, yaxud hələ əmək haqqı olmayacaq" desələr, cavabınız necə olacaq?
- Düzünü desəm, indi bu haqda heç düşünməmişəm. Belə bir hadisənin baş verdiyindən də xəbərsizəm. İspaniyada tanıdığım futbolçular maaşlarını hökumət vasitəsilə alır. Azərbaycanda isə nəyin necə olacağını, bilmirəm. Bilirsiz, indi ən vacib məsələ, hazırki vəziyyəti düzəltmək üçün mümkün olanı etməkdir.

- Maraqlı məqamlardan biri də odur ki, çempionat apreldə bərpa edilərsə, iki ay ərzində başa çatdırılmalıdır. Səkkiz tur və kubok görüşlərini nəzərə alsaq, fiziki cəhətdən çatdıra biləcəksiniz?
- Əgər apreldə bərpa olunsa, iyuna qədər də başa çatdırılması tələb edilsə, bu heç də asan olmayacaq. Çünki biz qısa müddətdə çox oyun keçirməliyik. Necə olacağını bilmirik. Çünki hazırda böyük qeyri-müəyyənlik var. Lakin məsuliyyət baxımından baş verə biləcək hər şeyə hazır olmalıyıq (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti