«Qəbələ»nin qara günləri yenə davam edir. Yeni mövsümün ilk iki həftəsində «Turan Tovuz» və «Şəfa»ya uduzmuşdular, dünən də «Şamaxı» ilə bacarmadılar.
Üç turdur qol vura bilməyən komandanın baş məşqçisi deyib ki, bu, normal hal deyil. Əlavə edib ki, belə vəziyyətdə klub rəhbərliyinin və azarkeşlərin ona təzyiqi normaldır.
Bəs bu durumda neyləməli? Heç şübhəsiz, Fariz Nəcəfov susqunluğunu pozmalı, ondan gözlənilən addımı atmalıdır - məşqçi korpusunu dəyişdirməlidir. Kaxaber Sxadadze öz ayağı, öz xoşluğu ilə Azərbaycandan çıxıb getməyəcək. Lap iki dünya bir olsa da. «Qəbələ» qarşıdakı turların hamısında məğlubiyyət acısı dadsa da. Lap təkrar I Liqaya dönsələr də. Lap II Liqanın yolunu tutsalar da. Düşünür ki, ayda oturduğum yerdə 10 min dollar qazanıram, niyə ayrılım ki?
Dünən istefası tələb olundu. Bir qrup yerli tərəfdar final fiti bitən kimi Sxadadzeni vəzifəsindən getməyə səslədi. Gürcünün qulağı çoxdan bu tip çağırışlara öyrəşib. Odur ki, tribunaya toplaşanların tələbi qulağına deyil, tükü də tərpənmir.
«Qəbələ»nin idarəçiləri 20-ci əsrin əvvəlində qalıb. Kaxa həmin vaxtlar Azərbaycanda işləyib deyə, elə zənn edirlər ki, o, futbolumuzu, çempionatımızı yaxşı tanıyır. Yaddan çıxarırlar ki, Kaxa buradan gedib-gələni aradan 9 il keçib və bu zaman kəsiyində çox sular axıb, çox şey dəyişib. Nə çempionat o çempionatdır, nə klublar, nə futbolçular. Kaxa 2,5 ildir buradadır, təcrübəsi və liqaya bələdçiliyi ilə «Qəbələ»yə heç nə verməyib. Ondan gözləntilər boş və əsassızdır. Bunadək yaxşı heç nə etməyib, bundan sonra da etməyəcək. O, bitib və tükənib. Kaxa kimilər daha «Qəbələ» kimi klubları çalışdırmamalıdır. Rəhbərliyi onunla başqa maraqlar birləşdirirsə, başqa məsələ…
ELNUR
