II Liqada yarışan «Şəmkir»də hərəkətli gün yaşanır.
Klub rəhbərliyinin təşəbbüsü ilə bu gün rayon toplantısının keçirilməsi nəzərdə tutulub.
Yerli rəsmi dairələrin iştirakıyla iş adamları ilə görüşün təşkili planlaşdırılıb. Məqsəd birdir - «Şəmkir»ə davamlı maliyyə dəstəyini təmin etmək.
«Qırmızı-ağlar» uzun müddətdir maddi problemlər yaşayır. Şəmkir elitası doğma komandaya biganə münasibət bəsləyir.
Vaxtilə iki dəfə ölkə çempionu olmuş «Şəmkir» bu səbəbdən Şəmkirdən uzaq düşüb. Həftədə üç dəfə Bakıda məşq edən kollektiv ev oyunlarını Şamaxı Olimpiya Kompleksində keçirmək məcburiyyətində qalıb.
Borclar o qədər çoxdur ki, klubun satılması gündəmə gəlib. 150 min manat ödəmək istəyən olsa, təsisçilər dəyişəcək.
«Şəmkir»in hazırkı başbilənləri ümid edir ki, sahibkarlarla görüş vəziyyəti kökündən dəyişəcək. Hər halda rayonun İcra Hakimiyyəti də problemin həllində maraqlıdır.
SPORTİNFO.AZ
