«Qarabağ» iyundan bəri çox dəyişib.
Bu yeniliklərin komandanı irəli aparmadığı gün kimi aydındır.
Vəziyyət hələlik belədir və keçirdikləri oyunları izlədikcə, özünü «Allah Qurbanq Qurbanovun köməyi olsun, dadına yetişsin» deməkdən saxlaya bilmirsən.
Açığı, ondakı pozitivliyi mən bölüşmürəm. Bəlkə də zaman yenə onu haqlı çıxaracaq və həqiqətən istərdim ki, hər şey Qurbanovun dediyi, gözlədiyi, arzuladığı kimi olsun.
Sadəcə, dəqiq bildiyim odur ki, Qurbanovu müşəqqətli dönəm, gərgin və əziyyətli iş gözləyir. Tanrı səbrini bol eləsin!
«Qarabağ»ın müdafiə xətti Həsən kişinin karvansarasından elə də fərqlənmir hal-hazırda.
«Araz-Naxçıvan» çempionatın zəif bəndlərindən biridir, dördüncü tura qədər rəqib qapısına yol tapa bilməyib, hər dəfə öz qapısından top çıxaran komandadır və onlar «Qarabağ»ın qapısına iki qol vurur, ondan da artıq epizodda fürsəti boşa verirlər.
«Araz»ın hər iki halda künc zərbəsindən sonra fərqlənməsini də qoyuram bir kənara, müdafiə zonasının təkrarladığı eyni səhvlər dəhşət saçır!
Transferinə böyük pullar xərclənmiş legionerlərin xətaları yalnız qayğı yaratmır, eyni zamanda, şübhə yaradır – qəsdənmi belə edirlər, yoxsa..?
Martin Zlomisliçin gəlişinə «Qarabağ»da sevinməyən qalmamalıdır. Şübhəm yoxdur, bosniyalı qapıçı Mateuş Koxalskinin yerini hiss etdirməyəcək.
Əla transferdir!
«Qarabağ» Premyer Liqanın dördüncü həftəsində sensasiyadan qaça bildisə, yeni qapıçısına təşəkkür etməlidir. Arxadaşlarının biabırçı yanlışlarını gücü çatdığı qədər düzəltdi.
Hər dəfə belə olmayacaq ancaq. Qurbanov mövcud durumdan çıxışın başqa formulunu tapmalıdır təcili. Necəsə.
MUSA
