“Neftçi”nin yarımmüdafiəçisinin Modriçlə komanda yoldaşı olmaq arzusu gerçəkləşəcək?

11 Noyabr 21:20 Neftçi 394
“Neftçi”nin yarımmüdafiəçisinin Modriçlə komanda yoldaşı olmaq arzusu gerçəkləşəcək?

Hər dəfə milli fasiləsi yarananda ölkəmizdə top qovan çox sayda legioner ölkəsinə yollanır.

Bu, xüsusən iddialı klubların sıralarında olan əcnəbilərdə daha çox müşahidə olunur.

“Neftçi”nin üç futbolçusu – Endryu Qravilyon Qvadalupe, Denzel Jupitana Surinam, Sessi Dalmeyda isə Benin yığmasının oyunlarında iştirak etmək üçün Azərbaycanı tərk edib.

Göründüyü kimi, Azərbaycan Premyer Liqasında top qovmaqla da milli komandalara dəvət almaq mümkündür. Yəni çempionatımızın səviyyəsi yığma məşqçiləri tərəfindən kifayət qədər ciddi və rəqabətli qəbul olunur.

“Neftçi”yə gəldiyi gündən sərgilədiyi oyunla azarkeşlərin rəğbətini qazanan Viçko Şevelin Xorvatiya millisinə dəvət alması hələ ki, mümkün olmayıb. Ölkəsinin gənclər yığmasının formasını geyinmək şərəfinə nail olsa da, A millinin həyəcanını yaşamayıb.

Halbuki illər öncə Filip Ozobiç “Qəbələ”nin şərəfini qoruduğu dönəmdə Xorvatiyanın əsas millisinin təlim-məşq toplanışına çağırılmış, hətta iki yoxlama matçında meydana çıxmışdı.

Şevel necə, əlinə belə bir imkanın düşəcəyinə inanır? Ağ-qara formanı geyinməklə bu arzuya çatmaq mümkündürmü?

26 yaşlı yarımmüdafiəçi Sportinfo.az-ın mövzu ilə bağlı sualını səmimi cavablandırıb:

“Real danışaq, indiki vəziyyətdə milli komandaya çağırılmaq asan məsələ deyil. Yarımmüdafiə xəttində Luka Modriç, Mateo Kovaçiç, Mario Paşaliç kimi adlar yer alıb.

Əlbəttə, mən də ölkəmin millisində oynamağı arzulayıram. Necə ki, “Neftçi”dəki yerli komanda yoldaşlarım Azərbaycan yığmasında çıxış etməyi xəyal edir. Lakin indiki durumda bu, bir az çətindir.

Daha çox çalışıram ki, nə vaxtsa mən də Xorvatiya millisinin heyətində yer alım. Bəlkə də arzum nə vaxtsa gerçəkləşəcək”.

Maraq üçün bildirək ki, Şevel “Neftçi”yə gələnə qədər, 2024-2026-cı illər aralığında Şotlandiyanın köklü klublarından olan “Dandi Yunayted”in şərəfini qoruyub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!