"Sabah" da “Qarabağ”ın yolu ilə gedir. Eynən ötən mövsüm “Qarabağ”ın yaşadıqlarını hazırda “Sabah” yaşayır.
“Bayquşlar” bu dəfə Premyer Liqanın 11-ci turunda “Şamaxı” qarşısında büdrədi.
Təkcə nəticə “Sabah” adına üzücü deyildi, həm də komandanın nümayiş etdirdiyi futbol “Sabah”a yaraşmadı.
Son dövrlər alışdığımız “Sabah”ı yenə meydanda görmədik.
Təbii ki, bunun bir nömrəli səbəbi komandanın Çempionlar Liqasındakı çıxışıdır. Ötən mövsüm də müxtəlif səbəblər göstərilsə də, mən hər zaman birmənalı şəkildə deyirdim ki, “Qarabağ”ın çempionluğu itirməsinin əsas, bir nömrəli səbəbi komandanın Çempionlar Liqasında itirdiyi güc idi.
“Qarabağ” daha çox qışdan sonra bunun əziyyətini çəkdisə, “Sabah”da bu proses artıq indidən başlayıb. Görürük ki, problemlər var və Valdas Dambrauskas da əziyyət çəkir.
Son oyuna konkret gələsi olsaq, əvvəlki qarşılaşmalardan sonra Puxaç və Zedadkanın zəif çıxışı barədə danışırdıq. Bu dəfə də Puxaçın çoxsaylı uğursuz ötürmələri oldu. Açığı, Puxaça yaraşdırmadığım ötürmələr gördüm. Nə ötən mövsüm, nə də arxada qalan turlarda bu qədər səhv etməmişdi.
Zedadkanın mərkəz xəttini keçməsi az halda görmək olardı. Sanki futbolçu oyunu yola vermək üçün meydana çıxmışdı.
Bu ikilidən başqa, fasilədə oyuna daxil olan, hətta start heyətində yer almayan Lepinitsa belə ikinci 45 dəqiqəni yaxşı keçirə bilmədi.
Çoxsaylı texniki səhvlərə yol verdi, ötürmələrdə yanıldı, ikili mübarizələrdə rəqibinə uduzdu.
Halbuki bizim tanıdığımız Lepinitsa “Sabah”ın orta xəttinin döyünən ürəyidir. Bu futbolçunu ikili mübarizələrdə keçmək heç də asan deyil. O, orta xətdə oyunu üzərinə götürən, komandanın hücum və müdafiə fazalarını birləşdirən futbolçudur. Amma bu gün Lepinitsanın ikinci hissədə varlığı ilə yoxluğu bilinmədi.
Mikels də bir neçə epizodda fürsətləri qaçırdı. İkili mübarizələrdə, hətta xırda toxunuşlarda belə mübarizəni uduzub yerdə qalırdı. Yəni görünən odur ki, proses artıq sürətlə başlayıb. Gedişatda daha da gücdən düşmüş “Sabah” görə bilərik. Təbii ki, Valdas Dambrauskas hansısa toxunuşlarla vəziyyəti dəyişə bilməsə...
Litvalı mütəxəssis də bu durum qarşısında acizdir. Əvvəlki oyunlarda etdiyi əvəzetmələr haqqında çox tərif görürdük, bəzən də pafoslu fikirlər səsləndirilirdi. Amma bu dəfə o da çarəsizdir. Məsələn, beş əvəzetmə etdi, amma oyunun ssenarisini dəyişə bilmədi.
Burada psixoloji məsələni yaddan çıxarmaq olmaz. Klub Çempionlar Liqası kimi nüfuzlu yarışda çıxış edir. Məsələn, “Sabah” cəmi dörd-beş gün əvvəl Norveçdə 16-17 min çılğın azarkeş qarşısında oynamışdı. Amma Mərdəkanda 600-700 azarkeş qarşısında meydana çıxmalı olmuşdu. Yəni futbolçular psixoloji olaraq da çökməkdən yan keçə bilmirlər. “Sabah” hazırda bunun əziyyətini çəkir.
“Sabah”ın problemləri fonunda “Şamaxı”nın mübarizəsini də kiçiltmək olmaz. “Şamaxı” yenə layiqli oyun nümayiş etdirdi. Məncə, “Şamaxı” bir xal qazanmadı, iki xal itirdi. Sözsüz ki, hesab 2:2 olduqdan sonra oyunda daha üstün tərəf “Şamaxı” idi. Qələbəni daha çox istəyən tərəf də məhz “Şamaxı” idi. Öndə pressinq edirdilər. “Sabah”ı tanımaq olmurdu. Sanki “Sabah” “Şamaxı” idi, “Şamaxı” isə “Sabah”.
Komanda yaxşı fürsətlər yaxaladı. Xüsusilə Həbib İsmayılovun boş qapını dəqiq nişan ala bilmədiyi epizod... Bəlkə də həmin top qələbəni gətirə bilərdi, amma qol vurmaq mümkün olmadı.
Şuaybi və Azər Bağırova həqiqətən həsəd aparmaq lazımdır. Yerli və əcnəbi futbolçulardan əla komanda formalaşdırıb, yaxşı kollektiv yaradıb.
Şuaybu bəlkə də futbol bitirmişdi. Amma bu oyunçunu yenidən futbola qaytarıb. İkinci hissədə meydana daxil olan hücumçu “Şamaxı”nın ən yaxşılarından biri idi. Artıq “Kəpəz”dəki günlərini xatırlatmağa başlayıb. Belə davam etsə, “Şamaxı”ya çox kömək edəcək.
Azər Bağırov bir daha göstərir ki, büdcə futbolda çox şeydir, pul çox şeydir, amma hər şey deyil. Kütləvi şəkildə legioner gətirmək uğur qazanmağın açarı deyil. Hətta yerli futbolçularla yaxşı birlik yaradıb, mübariz və döyüşkən komanda formalaşdırmaq mümkündür. Bu gün biz bunun şahidi oluruq.
“Şamaxı” məğlub olduğu oyunlarda, büdrədiyi qarşılaşmalarda belə komanda layiqli çıxış edib. “Neftçi”yə 3:2 uduzduğu oyunda da, “Qarabağ”a 3:1 məğlub olduğu qarşılaşmada da “Şamaxı” heç də meydanda məğlubiyyətə layiq futbol oynamamışdı. Bu komandaya əhsən! Premyer Liqaya rəng qatır.
“Sabah”ın büdrəməsi isə çempionluq mübarizəsini yenidən alovlandırdı. Həm də “Neftçi” və “Turan Tovuz” üçün yeni ümidlər yaratdı, yeni qapılar açdı, böyük şanslar formalaşdırdı.
“Qarabağ” yaxşı dövrünü yaşamır, yaxşı perioddan keçmir. Komandada yenilənmə prosesi, yenidənqurma mərhələsi gözləniləndən ağır keçir. Bunu baş məşqçi Qurban Qurbanov da mətbuat konfransında açıq şəkildə bildirdi. Yeni futbolçuların sistemə uyğunlaşması zaman alır. Bəlkə də beş-altı aydan sonra daha yaxşı “Qarabağ” görə bilərik. Amma hazırda faktiki olaraq həmin “Qarabağ” yoxdur və komanda vacib xallar itirir.
“Sabah” Çempionlar Liqası ilə paralel olaraq iki cəbhədə mübarizənin çətinliyini yaşayır. Yəqin ki, növbəti turlarda da bu komandadan xal itkiləri görəcəyik.
Belədə “Turan Tovuz” və “Neftçi” üçün gözəl fürsət yaranır. Məsələn, ötən mövsüm “Qarabağ” Çempionlar Liqasında oynadığına görə çempionatda əziyyət çəkdi. Burada “Sabah”ın da haqqını vermək lazımdır. Çünki ötən mövsüm “Sabah” qarşısıalınmaz idi, fantastik performans göstərmişdi.
Bu mövsüm liqamızda ötən mövsümün “Sabah”ı qədər güclü olan klub yoxdur. Ötən mövsüm qışa qədərki “Qarabağ” qədər güclü komanda da yoxdur. Bu şərtlər altında artıq “Neftçi” və ya “Turan Tovuz” çempion olmağa borcludur.
Niyə? Çünki “Neftçi” də, “Turan Tovuz” da qarşısına bu hədəfi qoyub. Son illərdə heç vaxt çempion olmaq üçün bu qədər münbit şərait, bu qədər yaxşı fürsət yaranmayıb. Uzun illər “Qarabağ”ın hegemonluğu, ötən mövsüm isə “Sabah”ın dominantlığı var idi. Bu mövsüm nə həmin “Sabah” var, nə də həmin “Qarabağ”.
Buyursunlar, söz “Neftçi” və “Turan Tovuz”da. Belə şərtlər altında da çempion olmasalar, məncə, yalnız özlərini qınamalıdılar.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ
