“Neftçi”nin stadionunu görən: “Premyer Liqada ən böyük azarkeş ordusu Gəncədədir”

11 Noyabr 22:20 Kəpəz 227
“Neftçi”nin stadionunu görən: “Premyer Liqada ən böyük azarkeş ordusu Gəncədədir”

“Kəpəz”in vingeri Viktor Stina Sportinfo.az-a müsahibə verib.

“Neftçi”ylə matç başa çatandan sonra Viktor əlindəki çemodanla Moldova millisinin sıralarına qoşulmaq üçün hava limanına tələsməsinə baxmayaraq, ayaq saxlayıb suallarımızı cavablandırdı.

- 0:1 hesabı ilə məğlub oldunuz. Oyundan əvvəlki ehtimalın nə idi?

- Bilirdim ki, güclü rəqibə qarşı layiqli futbol oynayacağıq. 90 dəqiqənin gedişində buna bir daha əmin oldum. “Neftçi” çempionluğa oynayan güclü kollektiv olsa da, rəqib meydanında bu komandadan çəkinmədik. Layiqli mübarizə apardıq, hətta qol epizodları yaratdıq. Sadəcə “Neftçi” qol vurdu, bizdə isə alınmadı.

- Rəqib sizə hansı komponentlərdə üstələdi? “Neftçi”də nə var idi ki, sizdə yox idi?

- Məncə, yaradılan qol fürsətlərində. Xüsusən ikinci hissədə təzyiqi və sürəti artırmaqla yaxşı imkanlar yaratdılar və onlardan biri qolla nəticələndi. Ümumilikdə “Kəpəz”in zəif çıxış etdiyini düşünmürəm. Layiqli futbol nümayiş etdirdik.

- Gəncədəki oyunlar zamanı azarkeşlərin yaratdığı ab-hava ölkəyə səs salıb. Bu iki komandanın əzəli rəqiblər olduğunu göz önünə gətirsək, “Neftçi”nin stadionunda nələri müşahidə etdin?

- Buradakı ab-hava da pis deyildi. Gördüyünüz kimi, Gəncədən nə qədər azarkeş gəlmişdi. Bu gün də ürəkaçan mənzərə var idi.

- “Pis deyildi” deməklə Gəncədəki atmosferin daha yaxşı olduğunu demək istəyirsən?

- Bu, həqiqətən də belədir. Gördüyüm etibarilə Premyer Liqada ən böyük azarkeş ordusu məhz Gəncədədir. Biz də oyunumuz və nəticələrimizlə azarkeşlərimizi sevindirməyə çalışırıq. Daha yaxşı olacağına inanıram.

- Milli komandanın düşərgəsinə yollanırsan. Görünür, Moldova yığmasının məşqçilər heyəti Premyer Liqamızı və burada oynayan moldovalı futbolçuları diqqətdə saxlayırlar.

- Əlbəttə, hansı ölkədə oynamasından asılı olmayaraq milli üzvləri məşqçilər heyətinin nəzarətindədir. Həm də son 4 ildə mütəmadi olaraq yığmaya cəlb olunuram, təcrübəli futbolçulardan biriyəm. Əsas olan çağırılmaq yox, oyunumla milli komandaya fayda verməkdir ki, qrupda 2-ci yeri tutub pley-off oynayaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!