Qaçılmaz istefanın xoş olmayan GÖRÜNTÜSÜ

28 Fevral 19:00 Qəbələ 449
Qaçılmaz istefanın xoş olmayan GÖRÜNTÜSÜ

"Qəbələ" çətin günlər yaşayır.

Komanda birinci liqaya düşməyin astanasındadır.

Ardıcıl məğlubiyyətlərdən sonra baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılmasına qərar verildi.

Əgər uğursuzluq zolağının miqyası hər keçən gün böyüyürsə, dəyişiklik qaçılmaz olur.

Və belədə ilk ağıllara gələn baş məşqçi oldu.

Buna kimi klubun baş meneceri Nail Kərimovla yollar ayrılmışdı.

Rəhbərlik müəyyən məşvərətdən sonra Baxşıyevlə də yolların ayrılmasına qərar verdi.

Bu addımı qınamağa adamın dili gəlmir. Dediyim kimi, nəticə yoxdursa, baş məşqçi ilə yolların ayrılması məntiqli qərardı.

Amma "Kəpəz"lə oyundan sonra yaşananlar heç də xoş mənzərə deyildi.

Son ana kimi məşqçilər korpusunu gözləyən çox az sayda azarkeş israrla onları istefaya çağırırdı. Həm də xoş olmayan tonda.

Başa düşdük, bu gün klubun durumu acınacaqlıdır. Bəs dünən? Axı dünən də klubun günü ürəkaçan deyildi.

Məhz həmin pis günlərdə Baxşıyev əlini ağır yükün altına qoymuşdu.

Milyonluq klubda lələ köçüb, yurdu qalmışdı.

Məşqçilər, futbolçular canını götürüb Qəbələdən qaçaq düşmüşdülər.

Elmar Baxşıyev həmin klubu iki dəfə avrokuboklara aparıb, bir dəfə Ölkə Kubokunu qazandırmışdı.

Ən pis günündə "Qəbələ"nin yanında qalmağı seçmişdi.

Yola ilk başlayanda çempionatın startına 5-10 gün qalmış elə o sayda da futbolçunun ümidinə qalmışdı.

Son anda heyət yığılmış, uzun yola çıxmaq mümkün olmuşdu.

Bütün çətinliklərə, sıxıntılara rəğmən.

Hər kəsin 3 xal gözü ilə baxdığı komandanı hamının çəkinəcəyi hala gətirmişdi.

3 illik əziyyətinin bəhrəsini təzə-təzə yeyirdi ki, əlindən aldılar.

Dama-dama yığılan heyətini sel kimi dağıtdılar.

Əslində çoxları düşünürdü ki, belədə "Qəbələ"dən ayrılmaq ən ideal qərar olardı.

Yığdığı müsbət imici yerləbir etməməsi üçün.

Amma o, öz adını, imicini "Qəbələ" üçün xərcləməkdən bir gün də usanmadı.

Son ana kimi qaldı. Yaxşı gələcək üçün verə biləcəyinin artıqlamasını klub üçün etdi.

Bəli, bu il olmadı, alınmadı.

Amma nəticələrdən çox belə yola salmaq onun şəninə yaraşmadı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti