"Qəbələ"nin sirri nədə gizlənir? - Sabiq klub rəsmisi Sportinfo.az-a danışdı

23 Sentyabr 2021 15:00 Qəbələ 995
"Qəbələ"nin sirri nədə gizlənir? - Sabiq klub rəsmisi Sportinfo.az-a danışdı

Azərbaycan Premyer Liqasında 4 tur arxada qalıb.

Sirr deyil ki, hər kəsi təəccübləndirən çıxışla yadda qalan komanda "Qəbələ"dir.

Mövsümün əvvəli yaşayıb-yaşamayacağı belə sual altında olan komanda bu gün 10 xalla turnir cədvəlinin ilk pilləsində qərar tutub.

Görəsən, Elmar Baxşıyevin yetirmələrinin belə uğurlu olmasının sirri nədədir?

Bölgə klubunun sabiq meneceri Səbuhi Səfiyarlı ilə söhbətdə bu suala cavab tapmağa çalışdıq.

Sabiq klub rəsmisi Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin hazırkı uğurunun sirrini belə izah edib:

"Düzü, "Qəbələ"nin lider olmasını çox adam gözləmirdi. Bu gün "Qəbələ" lider olmasaydı belə görülən iş göz qabağındadır. Mən nəticədən çox görülən işi uğurlu sayardım. Uğurlu iş özünü nəticədə də göstərir deyə, bu, ikiqat sevindiricidir. Ən əsası "Qəbələ"də işləmək üçün sağlam mühit var. Kimsə kiminsə işinə qarışmaz. Arxada qalan illər klubda ənənə yaradıb. Hər kəsin tək istəyi uğurlu nəticənin olmasıdır. Bu yolda hamı öz işini ən yaxşı şəkildə görməyə çalışır. Bu səbəblərə görə də uğur var".

Səfiyarlı komandada formalaşdırılan sistemin əhəmiyyətini xüsusi qabardıb: "Detallaraq varsaq, hərə öz işini görür nə deməkdir? Məşqçilər heyəti bir-birini tamamlayır. Gedən köməkçi məşqçinin yerinə gələn yeni məşqçi eyni sistemlə davam edə bilir. Çünki klubun qoyduğu sistem var. Sadəcə icraçılar dəyişə bilər. Maliyyə səbəbindən keyfiyyət də aşağı düşə bilər, amma sistem dəyişmir".

O, komandaya gətirilən keyfiyyətli əcnəbilərin sirrini də sistemlə bağlayıb: "Qəbələ"nin gətirdiyi legionerlər üçün də öz meyarları var. Baş menecer Zaur Əzizovun formalaşdırdığı meyarlar əsasında az maliyyə qarşılığında gələn legionerlər də öz haqqını ödəyir. Məşqçi ilə fikirlər üst-üstə düşür. Ona görə də gələn əcnəbi həm məşqçini qane edir, həm də klubun şərtlərinə uyğun gəlir. Digər bütün klublarda belə şeylər yoxdur. Bəzən məşqçi deyən oyunçu klubun şərtlərinə uyğun gəlmir, bəzən də klub deyən məşqçilərin meyarlarına uyğun gəlmir. "Qəbələ"də bu kimi şeylər yoxdur. Klubda bu detallar illərdi formalaşıb".

Sabiq klub funksioneri baş verə biləcək uğursuz nəticələrin maliyyə ilə birbaşa bağlı olacağını dilə gətirib: "Hazırda komandanın iki əsas üzvü uzun müddət zədə səbəbindən komandaya kömək edə bilməyəcək. Maliyyə imkan vermir ki, onların yerinə futbolçu alınsın. Belə məsələlər nəticəyə təsir göstərə bilər. "Qəbələ" sabah liderlər qrupunda olmaya bilər. Amma görülən iş, qoyulan sistem davam edir. Nəticə qazanmaq üçün maliyyə çox vacibdir.

Nəticə bir müddət ola da bilər, olmaya da bilər. Amma sistem davam edəcək. Yaxşı oyunçular hər zaman olacaq".

Səbuhi bəy gənc mütəxəssis Elmar Baxşıyevin üstünlüklərindən də söz açıb: "Akademiya uşaqlarına üstünlük verilir. Kənardan az futbolçu götürülür. Elmar Baxşıyevin ən yaxşı xüsusiyyətlərindən biri odur ki, gənclərə inanır, onlara bu inamı aşılamağı bacarır. Akakponun özünü götürək. İki mövsümdü komandadır. Onun gətirilməsi çox tənqid olunurdu. Amma rəhbərlik onda potensialı görürdü. Digər klublardan fərqli olaraq onu komandada saxladılar və inkişafına nail oldular. Akakpo bu gün Premyer Liqa səviyyəsində çıxış edir.

Əvəzedici komandada yenə belə əcnəbilər var. Növbəti mövsümlər biz onları da görə biləcəyik. Heç bir komandada yaş limitinə uyğun futbolçu qapıçı olmur. Çünki hamı qapı mövqeyində daha təcrübəli birinin olmasını fikirləşir. Ancaq Elmar müəllim Nicat Mehbalıyevə güvənir. Nicat da neçə oyundu yaxşı çıxış edir. Gənclər yığmasının da qapıçısıdır. Onun üçün də vacibdir ki, oyun praktikası olsun. Akademiyanın digər gəncləri də bu şeylərə görə öz vaxtlarını gözləyirlər. Düşünmürlər ki, məni oynatmırlar, burdan çıxım gedim. Tezliklə onları da əsas komandada görə bilərik".

Xanoğlan İmanov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.

Əyalətdə futbolumuz və sağlam cəmiyyət naminə fəaliyyət göstərən akademiya

Digər Xəbərlər
Xəbər Lenti