“UEFA-nın qərarı bizim üçün xoşagəlməz sürpriz oldu”

26 Fevral 2021 17:20 Qəbələ 593
“UEFA-nın qərarı bizim üçün xoşagəlməz sürpriz oldu”

“Qəbələ”nin U-19 komandasının cari mövsümdə ölkəmizi UEFA-nın Gənclər Liqasında təmsil edəcəyini xəbər vermişdik.

Onu da bildirmişdik ki, Şimali Makedoniya təmilçisi “Şkendiya” ilə qarşılaşacaq Famil Xəlilovun yetirmələri artıq bir ilə yaxındı bu yaş qrupunda ölkə çempionatı keçirilmədiyindən səfər oyununa daha yaxşı hazırlaşmaq üçün yoxlama görüşlərində qüvvəsini sınayır.

Ancaq qitə futbol qurumu gözlənilmədən Gənclər Liqası ilə bağlı fərli qərar qəbul etdi. Ali futbol qurumunun rəsmiləri 2020/21 mövsümü üçün liqanın oyunlarını ləğv etməyi lazım bildi.

Sportinfo.az xəbər verir ki, bu qərar neçə müddətdi “Şkendiya” ilə oyuna hazırlaşan “Qəbələ”nin U-19 komandasına pis təsir edib.

“Qırmızı-qaralar”ın yeniyetmələri Şimali Makedoniya təmsilçisi ilə qarşılaşmaya ciddi hazırlaşıb mərhələ keçmək haqda düşünürdü. Ancaq necə deyərlər, sən saydığını say, gör UEFA nə sayır...

Qitə futbol qurumunun məlum qərarı ilə bağlı bölgə təmsilçisinin U-19-unun baş məşqçisi Famil Xəlilovun fikirlərini öyrənməyi lazım bildik (Futbol+):

“Sözün açığı, UEFA-nın belə qərar qəbul edəcəyini heç gözləmirdik. “Şkendiya” ilə oyunumuzun keçirilməsinə az vaxt qalmışdı. Əslində bu oyun ötən ilin oktyabrında keçirilməliydi.

Pandemiya səbəbindən bu ilin martına təyin olundu. Ancaq nədənsə qitə futbol qurumu son anda fikrindən daşındı.

Düzü, biz bu oyuna hazırlıq çərçivəsində bəzi yoxlama oyunları keçirmişdik, komandanın durumu istədiyimiz səviyyəyə çatmışdı. U-19 liqası koronavirus səbəbindən bir ilə yaxın müddətdi keçirilmir, uşaqlarımız rəsmi görüşlərdə meydana çıxmırlar.

Boşluğu aradan qaldırmaq üçün çox çalışdıq, bəzi komandalarla sınaq matçları keçirdik. Hazırlıq durumumuzu nəzərə alıb, sizə açıq deyirəm ki, səfərdən ürəkaçan nəticə ilə geri dönəcəyimizi planlaşdırmışdıq.

Rəqib bizə uyğun olduğundan mərhələ keçməyi hədəfləmişdik. “Şkendiya”nı təhlil etmiş, güclü və zəif tərəflərini müəyyənləşdirmişdik. UEFA-nın qərarı bizim üçün xoşagəlməz sürpriz oldu”.

Digər Xəbərlər
Xəbər Lenti