Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fyunfştyuk Bakıda Azərbaycan yığması ilə oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Sportinfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Azərbaycan yığması ilə matçı səbirsizliklə gözlədiklərini deyib:
“Əvvəlki oyunumuzdan üç gün keçib. Bura gəlməzdən əvvəl Malta ilə qarşılaşmışdıq.
Sabahkı matçı səbirsizliklə gözləyirik. İstədiyimiz kimi hazırlıq keçmişik. Yaxşı nəticə qazanmağa çalışacağıq”.
O, Litva – Azərbaycan (1:1) matçını izlədiyini də söyləyib:
“Həmin oyun təhlil etmişik. Favorit meydan sahibləridir. Rəqibin yarımmüdafiə və hücumda yaxşı oyunçuları var.
Amma sabah nəticəni birlikdə görəcəyik. Hazırkı heyətimizdə zədəli yoxdur. Bura gələndə də vaxt itkisi yaşamadıq”.
Fyunfştyuk heyətlərindəki futbolçular haqqında fikirlərini bölüşüb:
“Bizim futbolçuların çoxu müxtəlif peşə sahibləridir. Azərbaycan komandasında UEFA Çempionlar Liqasında oynayanlar var.
Son dövrlərdə bizim qələbələrimizin sayı çox azdır. Lixtenşteyn dünyanın kiçik ölkələrindən biridir.
Təbii ki, favorit rəqibdir. Amma biz əlimizdən gələni etmə hazırıq. Özümüzü yaxşı komanda kimi göstərməyə çalışacağıq”.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək D Liqasının 2-ci qrupunun Azərbaycan – Lixtenşteyn oyunu saat 20:00-da start götürəcək.
