Milli komandaların oyunları ilə əlaqədar Birinci Liqada da fasilə yaranıb.
Fasiləyə qədər aşağı liqada artıq üç tur geridə qalıb.
Mövsümün əvvəlində çempionluğun əsas favoritləri kimi “Səbail” və “Şahdağ Qusar” komandaları göstərilirdi.
Hər iki komanda mövsümöncəsi hazırlıq dönəmində kifayət qədər fəal oldu. Yeni transferlər, yeni baş məşqçi, yeni sponsor...
Amma çempionatın ilk üç turu göstərdi ki, çempionluq mübarizəsində favoritlərin sırasına daha bir komanda qoşulub.
Söhbət bu mövsümdən Gəncəni təmsil edən “Gəncəbasar”dan gedir.
Cəmi bir ay ərzində formalaşmasına baxmayaraq, komanda mövsümə əla start verib.
Ardıcıl üç qələbə qazanan “Gəncəbasar” hazırda “Şahdağ Qusar”la birlikdə turnir cədvəlinin zirvəsində qərarlaşıb.
Bəs bu uğurlu startın sirri nədir? Gənc komanda belə qısa müddətdə necə formalaşdı?
Bu suallarımızı “Gəncəbasar”ın baş məşqçisi Elhad Nəziriyə ünvanladıq.
"Təbii ki, komandanın startda üç qələbə qazanması çox sevindirici haldır. Bütün futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə də təşəkkür edirəm ki, səfər oyunlarında belə daim bizə dəstək olurlar.
İlk gündən rəhbərliklə söhbətimizdə gənclərdən ibarət yaxşı komanda formalaşdırmaq barədə danışmışdıq. Şükürlər olsun ki, bunu bacarmışıq. Çalışırıq ki, gələcəkdə də əlimizdən gələnin ən yaxşısını edək.
Rəqibləri çox detallı şəkildə analiz etmişdik. Rəqiblərin əsas zəif cəhətlərini müəyyənləşdirmişdik. Futbolçulara həmin məqamlarla bağlı tapşırıqlar vermişdik və onlar da bunları yerinə yetirdilər. Nəticədə qələbələr qazana bildik".
Gənc mütəxəssisin fikirlərindən göründüyü kimi, “Gəncəbasar”ın uğurlu startında düzgün qurulan hazırlıq prosesinin və analizinin böyük rolu var.
Maraqlıdır, bəs üç turdan sonra “Gəncəbasar”ın hədəflərini dəyişibmi?
Mövsümün əvvəlində komandanın əsas məqsədi formalaşmaq və gələcək üçün baza yaratmaq idisə, indi çempionluq haqqında düşünmək mümkündürmü?
Çalışdırıcı bu suala belə cavab verdi:
"Bunu zaman göstərəcək. Mən komandaya dəvət etdiyim futbolçuların potensialına inanıram. Onların hara qədər inkişaf edə biləcəyini düşünərək seçimlər etmişəm.
Təbii ki, bu uğurlu nəticələrin arxasında rəhbərliyin də böyük payı var. Rəhbərlik hər zaman mənə dəstək olur, işimə qarışmır və verdiyim qərarların arxasında dayanır.
Ümumiyyətlə, məşqçi hansısa komandada uğurlu olursa, bunun əsas səbəblərindən biri rəhbərliklə məşqçi arasındakı anlaşmadır.
Rəhbərliyimiz bu peşəkarlığı göstərməsəydi, bəlkə də bu nəticələr olmazdı.
İlk gündən rəhbərliklə danışığımızda demişdim ki, futbol baxımından istədiklərimi həyata keçirmək üçün mənə şərait yaradılsa, mən də onların istədiklərini əlimdən gələn maksimumla etməyə çalışacağam.
Sağ olsunlar, rəhbərlik həm maddi baxımdan, həm də şərait baxımından bizim üçün böyük dəstək göstərib".
Qarşıda daha bir ciddi sınaq gözləyir.
Növbəti hədəf “Sportinq”lə qarşılaşmadır. Nəziri komandanın bu oyuna hazırlığı barədə də danışıb:
"Bu oyunları artıq geridə qoymuşuq. Futbolçulara da bildirmişəm ki, diqqətimizi növbəti qarşılaşmaya yönəltməliyik. Qarşıda “Baku Sportinq”lə oyun var. Ondan əvvəl iki yoldaşlıq görüşümüz olacaq.
Həmin oyunlardan sonra həm fiziki, həm də psixoloji cəhətdən “Baku Sportinq”lə qarşılaşmaya tam hazır olmalıyıq.
İnşallah, zədə və digər problemlər olmaz. Allahın köməyi ilə “Baku Sportinq”ə qarşı da uğurlu nəticə qazanmaq istəyirik".
XANOĞLAN/ SPORTİNFO.AZ
