Oktyabrın 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda “Turan Tovuz”la “Fənərbağça” arasında yoldaşlıq görüşü keçiriləcək.
Bu, sıradan yoxlama oyunu olmayacaq.
Qarşılaşmanın xüsusi tarixi və simvolik əhəmiyyəti var.
1994/95 mövsümündə Azərbaycanı avrokuboklarda ilk dəfə təmsil edən “Turan” həmin il UEFA Kubokunda məhz “Fənərbağça” ilə üz-üzə gəlmişdi. İllər sonra keçiriləcək bu qarşılaşma da həmin tarixi duelin xatirəsinə ehtiram olaraq təşkil olunub.
Hazırda Azərbaycanda kifayət qədər “Fənərbağça” azarkeşinin olması İstanbul klubunun Bakıya səfərinə marağı daha da artırır. Təbii ki, fanatları ən çox maraqlandıran suallardan biri Türkiyə nəhənginin paytaxtımızdakı proqramıdır.
"Sarl-lacivərdlər” Bakıya oyundan bir gün əvvəl – oktyabrın 2-də təşrif buyuracaq. İstanbul təmsilçisi səfər zamanı “Marriott Boulevard” hotelində məskunlaşacaq.
Məlumata görə, “Fənərbaxça”nın Bakıda məşq keçirməsi nəzərdə tutulmayıb. Qarşılaşmanın yoldaşlıq oyunu statusunda olması səbəbindən İstanbul klubunun Bakı proqramına ayrıca məşq daxil edilməyib.
Beləliklə, “Fənərbaxça”nı Bakıda qısa, lakin kifayət qədər maraqlı səfər gözləyir.
Türkiyə təmsilçisi oktyabrın 2-də paytaxtımıza gələcək, ertəsi gün isə “Turan Tovuz”la tarixi qarşılaşmada meydana çıxacaq, matçdan sonra İstanbula qayıdacaq.
Qarşılaşma saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ
