Azərbaycan millisi Litvadan 1:1 hesablı heç-heçə ilə qayıtdı.
İki xal itirildi və yenə bütün oxlar baş məşqçi Ayxan Abbasova tuşlandı.
Amma gəlin bir anlıq dayanıb düşünək, doğrudanmı Azərbaycan futbolunun bütün problemi Ayxan Abbasovdur?
Əlbəttə, Litvada qələbə qazanmaq mümkün idi. Məşqçinin heyət seçimini, taktikasını, əvəzetmələrini tənqid etmək olar. Amma bir oyunun nəticəsinə görə illərdir yığılan problemlərin hamısını bir nəfərin boynuna yükləmək doğru deyil.
Azərbaycan millisinin problemi Ayxan Abbasovla başlamayıb. Berti Foqtsdan Robert Prosineçkiyə, Nikola Yurçeviçdən Canni De Byaziyə, Fernando Santosadək neçə-neçə əcnəbi mütəxəssis gəlib keçib. Nəticə isə fundamental olaraq dəyişməyib.
Çünki əsas problem daha dərindir. Keyfiyyətli futbolçu yetişdirmək, uşaq futbolunu inkişaf etdirmək və milli komandaya güclü futbolçu bazası yaratmaq lazımdır.
İndi isə yerli məşqçi gəlib və biz ondan dərhal möcüzə gözləyirik. Xal itirilən kimi də günahkar elan edirik.
Bəlkə bu dəfə fərqli davranaq?
Əcnəbi məşqçilərə illərlə səbir etdiyimiz kimi, öz məşqçimizə də zaman verək.
Ayxan Abbasov sehrbaz deyil. O, Azərbaycan futbolunun illərlə yığılan problemlərini bir neçə ayda həll edə bilməz. Amma Azərbaycan futbolunu, yerli futbolçunu və bu mühitin reallıqlarını tanıyır.
Ən azı buna görə onun arxasında dayanmağa, dəstək verməyə dəyər.
Əlbəttə, tənqid normaldır, tənqid etməliyik. Amma dağıtmaq üçün yox, inkişaf etdirmək, daha yaxşı olmaq üçün.
Ayxan Abbasovun uğur qazanması təkcə bir məşqçinin uğuru olmayacaq. Bu, yerli məşqçiyə, Azərbaycan futbolçusuna və öz futbolumuza olan inamın nəticəsi sayılacaq.
Ayxan Abbasov “günah keçisi” deyil. O, Azərbaycan futbolunun güzgüsüdür. Necə deyərlər, güzgüdə gördüyümüz mənzərə xoşumuza gəlmirsə, güzgünü sındırmaq yox, özümüzü dəyişmək lazımdır.
Başqa cür desək, futbolumuzun təməlindəki problemləri aradam qaldırmaq, futbolçuların keyfiyyətini artırmaq lazımdır.
HƏBİB / SPORTİNFO.AZ
