KAPİTAN: "Millidən kənarda qalmağım məni daha da qıcıqlandırır"

29 Sentyabr 17:00 Milli komanda 613
KAPİTAN: "Millidən kənarda qalmağım məni daha da qıcıqlandırır"

Geridə qalan altı turu "imişli" klubu üçün tam da uğurlu hesab etmək olmaz.

Komanda cəmi bir qələbə qazanıb.

Amma komandanın kapitanı Azər Salahlı fərdi baxımdan uğurlu çıxışı ilə diqqət çəkir.

Stoper mövqeyində çıxış edən futbolçu hətta bir qol, iki məhsuldar ötürmə ilə hücumda da komandasına kömək etməyi bacarıb.

Azər ötən mövsüm də "İmişli"nin əsas futbolçularından biri idi və bütün çempionat boyu stabil çıxışı ilə seçilirdi.

Buna baxmayaraq, təcrübəli futbolçu Azərbaycan milli komandasının qarşıdakı oyunlar üçün açıqlanan 30 nəfərlik geniş heyətində yer almayıb.

Maraqlıdır, Salahlı növbəti dəfə milli komandadan kənarda qalmasını necə qarşıladı? Ümumiyyətlə, dəvət gözləyirdimi?

Sportinfo.az-a açıqlamasında sabiq milli üzvü bunları dedi:

"Səmimi desəm, dəvəti hər zaman gözləmişəm. Çağırılanlar hər biri azərbaycanlı futbolçudur, bunu bir kənara qoyuram.

Amma açıqlanan heyətdə elə futbolçular var ki, klubunda 10-15 dəqiqə oynayır, bəzən isə ümumiyyətlə meydana çıxmır.

Əlbəttə, özümü onlarla müqayisə edəndə mən də dəvət gözləyirəm.

Qeyd etdiyiniz kimi, stabil çıxış edirəm. Bu mövsüm də fərdi performansım yaxşıdır.

Bu toplanışda dəvət gözləyirdim, amma dəvət almadım. Uzun müddətdir milli komandaya dəvət olunmuram.

Ancaq milli formanı mən geyinmişəm. Yenidən geri qayıtmaq üçün böyük əmək sərf edirəm və motivasiyam da yüksəkdir.

Dəvət gözlədiyin halda kənarda qalanda insan pis olur. Amma bu, klubdakı işimə mənfi təsir etmir. Əksinə, daha da qıcıqlandırır ki, daha yaxşı nələrsə etmək lazımdır.

Düşünürəm ki, daha yaxşı işlər görsəm belə, yenə dəvət almaq ehtimalım az olacaq. Bu da insanı təəssüfləndirir".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti