Azərbaycandan gedən legionerlər niyə geri qayıdır?

20:40 Araşdırma 144
Azərbaycandan gedən legionerlər niyə geri qayıdır?

Rafael Utziq yenidən Azərbaycanda top qovacaq.

Vaxtilə “Qəbələ” və “Zirə”nin formasını geyinmiş braziliyalı futbolçu bu dəfə keçmiş klubu “Qəbələ” ilə müqavilə bağlayıb. Utziqin Azərbaycana qayıdışı isə istər-istəməz maraqlı bir tendensiyanı yada salır.

Son illərdə Azərbaycan Premyer Liqasında özünü yaxşı tərəfdən göstərən, hətta komandalarının uğurlarında əsas rollardan birini oynayan bir sıra legionerlərin ölkəni tərk etdikdən sonra eyni səviyyədə çıxış edə bilmədiklərinin şahidi olmaqdayıq.

Məsələn, 2023-ci ildə Azərbaycan Kubokunu qazanan “Qəbələ”nin heyətində üç braziliyalı – Rafael Utziq, Ramon Maçado və Felipe Santos xüsusi diqqət çəkirdi.

Həmin futbolçular mövsüm başa çatan kimi Azərbaycandan ayrılaraq başqa ölkələrinə üz tutdular. Lakin oradakı karyeraları uzunmüddətli və əvvəlki səviyyədə olmadı. Nəticədə hər üçü müxtəlif vaxtlarda yenidən Azərbaycan futboluna qayıtdı.

Maçado ilə Santos “Araz-Naxçıvan”da, Utziq daha sonra “Zirə”də çıxış etdi.

Oxşar nümunələri “Qarabağ”ın tarixində də kifayət qədər görmüşük. Muarem Muarem, Reynaldo, Riçard Almeyda, İnnosent Emeqara, Patrik Andrade, Şahruddin Məhəmmədəliyev və digər futbolçular Azərbaycanı tərk etdikdən sonra yenidən ölkəmizə qayıdıblar.

Təbii ki, bütün bu nümunələri ümumiləşdirib “Azərbaycandan gedən legioner xaricdə oynaya bilmir” demək doğru olmaz.

Futbolçunun yeni komandaya uyğunlaşması, aldığı oyun vaxtı, zədələr, məşqçinin ona münasibəti, liqanın xüsusiyyətləri və bir çox başqa amillər nəticəyə təsir edir.

Amma təkrar-təkrar qarşılaşdığımız bu dönüşlər müəyyən sual yaradır: Bəlkə Azərbaycan Premyer Liqasında legionerlərin özlərini göstərmələri üçün düşündüyümüzdən daha əlverişli imkan var?

Burada söhbət yalnız futbol meydanından getmir. Azərbaycanda legionerin uyğunlaşdığı gündəlik həyat, iş yerində onlara münasibət, məşq prosesi, oyun ritmi, liqanın səviyyəsi və hətta məişət şəraiti onun performansına təsir göstərə bilər.

Futbolçu burada özünü rahat hiss edir, sabit oyun praktikası qazanır və nəticədə potensialını daha yaxşı nümayiş etdirir. Başqa ölkəyə getdikdə isə tamamilə fərqli mühit, fərqli futbol fəlsəfəsi və fərqli rəqabətlə üzləşir.

Bəlkə də məsələ elə bundadır: Azərbaycan Premyer Liqası bəzi legionerlər üçün sadəcə karyeralarının bir dayanacağı deyil, onların ən yaxşı futbolunu oynaya bildikləri mühitdir.

Rafael Utziqin ikinci dəfə “Qəbələ”yə qayıtması da bu baxımdan maraqlı nümunədir. Zaman onun Azərbaycandakı ikinci “Qəbələ” macərasının necə nəticələnəcəyini göstərəcək.

Amma artıq bir fakt diqqət çəkir: Azərbaycandan gedib, sonra yenidən bura qayıdan legionerlərin sayı kifayət qədərdir və bu, araşdırmağa dəyən maraqlı futbol tendensiyasıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO