GÜNÜN SUALI - Ayxan Abbasov millidən getməlidir?

17:00 Milli komanda 187
GÜNÜN SUALI - Ayxan Abbasov millidən getməlidir?

Ayxan Abbasov millidən getməlidir?

Milli komandamızın Litva ilə 1:1 hesablı heç-heçəsindən sonra sosial şəbəkələrdə Ayxan Abbasovun millidən getməsinə çağırışlar başladı.

Müxtəlif rəylər, şərhlər yazıldı.

Nə oldu, bəs siz, biz deyildik ki, millinin baş məşqçisi yerli olsun arzulayırdıq?

Axı biz deyirdik ki, əgər dünya ünlü Fernandu Santuşla Estoniyanın da olduğu qrupda sonuncu olacağıqsa, elə bunu yerli baş məşqçi ilə edək də.

Və həmin yerli məşqçi gəldi.

İndi də yazırlar - Bu da yerli məşqçi.

Ay insan, kimsə demədi ki, yerli məşqçi gəlib bizi Dünya çempionatına, Avropa çempionatına aparacaq.

Dedik ki, nə qədər pis olsa da De Byazidən, Santuşdan yaxşı olacaq. Yaxşıdır da.

Bir az ədalətli olaq.

Kiminsə Ayxan Abbasovla düşmənçiliyi varsa, kiminsə onunla şəxsi prinsipi, ədavəti varsa və sırf buna görə “Ayxan Abbasov millidən getsin” deyirsə, vallah, bu, bir az da vicdan məsələsidir.

Ədalətli olun.

AFFA-nın bəzi qərarlarını mən də tənqid etmişəm, edirəm.

Ayxan Abbasovu bəzi seçimlərinə, müəyyən açıqlamalarına görə tənqid etmişəm, edirəm.

Amma qərəzli olmuram.

Siz də olmayın.

Bütün fəaliyyətimin tək hədəfi futbolumuzun inkişafı, futbolumuzda doğru qərarların verilməsi olub.

Hesab edirəm ki, AFFA-ın son illər verdiyi ən doğru qərarlarından biri Ayxan Abbasovu baş məşqçi postuna gətirməsidir.

İkinci doğru qərarlarından biri isə onun yanında olması, ona sahib çıxmasıdır.

Tutaq ki, bu gün AFFA Ayxan Abbasovu göndərdi, Litva ilə heç-heçənin yükünü onun üzərinə qoydu, gedib bir əcnəbi baş məşqçi gətirdi.

Nə dəyişəcək?

Lap Pep Quardiola də gəlsə ciddi nəsə dəyişən deyil.

Bu gün milli komandanın potensialı yüksək deyil, xammal zaydı.

Niyəsi barədə aylarla danışmaq olar.

Və bu vəziyyət nə bugünkü AFFA-nın fəaliyyətinin sənət əsəridir, nə də Ayxan Abbasovun.

Bu, arxada qalan 15-20 ildə verilən uğursuz qərarların, yanlış addımların nəticəsidir.

Ayxan Abbasov millinin lap dibinə gəlib. Yanan qazanda yeməyi geri qaytarmaq qədər çətindir bugünkü milli ilə ciddi nəyəsə ümid etmək.

Bir az realist olun.

Ayxan Abbasov həmin Fernandu Santuşdan, Canni De Byazidən 50 dəfə az maaş alır.

Amma bəlkə də 50 dəfə çox işləyir.

Ölkə xaricində oynayan normal legionerlərimizdən biri Mahir Emrelidir. Nə Canni De Byazi onu oynada bildi, nə Fernandu Santuş.

Emreli özü də həmin məşqçilərdən narazı idi.

Amma bu gün hamımız deyirik ki, Litva ilə oyunda Mahir Emreli millinin ən yaxşı oyunçularından biri idi. Özünü millinin lideri kimi apardı.

Bəs Mahiri millinin liderinə kim çevirdi?

Qısa müddətdə bunu Ayxan Abbasov etdi.

Bilirsiniz bunun arxasında nə dayanır?

Bəzilərinin tənqid etdiyi həmin Polşa səfərləri.

Bəzilərinin tənqid etdiyi Fransa ilə oyuna dəvət.

Abbasov onu inandıra bildi ki sən bu millinin ən yaxşı oyunçularından birisən və sən bu millinin lideri olmalısan.

Bunun nəticəsini də bu gün meydanda görürük.

Canni De Biyazinin dönəmində də bu Litva ilə, hətta bundan daha zəif Litva ilə Bakıda 0:0 hesablı heç-heçə etmişik.

Bugünkü Litvanı heç kim küçümsəməsin.

Mən oyundan əvvəl Litvanı analiz etmişdim.

Problemləri var idi. Hətta etiraf edim ki, gözlədiyimdən zəif oynadılar. Mən daha güclü Litva millisi gözləyirdim.

Amma asan olmayacağını oyundan öncə demişdim. Səbəbsiz deyildi.

Gedin zəif saydığınız rəqibin heyətinə baxın.

İlk "11-lik"də yerli çempionatda oynayan cəmi bir futbolçu var idi.

Qalanları legionerdir. Həm də hansı legionerlər?

Bizim kimi Türkiyənin ikinci liqasında, Albaniyada, Kosovoda oynayan futbolçularla öyünmürlər e.

İtaliyanın A və B seriyalarında, Avropa Liqasında son illər davamlı çıxış edən "Selye"də, Xorvatiya çempionu "Riyeka" kimi klublarda oynayan futbolçulardır. Hamısı da əsas heyət üzvü.

Rəqibin heyətinə, futbolçularının yaşına, oynadığı klublara baxın.

Son dövrlərdə Litva milli komandasındakı inkişafı, litvalı gənclərin inkişafını və Azərbaycan futbolunun inkişafını müqayisə edin.

Litvanın heyətinin 50-60 faizi 22-23 yaşlarında olan futbolçulardır. Gənclərdir. Gələcəyin komandasıdır.

Bizim heyətin isə yarıdan çoxu 30 yaşın üzərindədir.

Reallıq hissimizi itirməyək.

Sizi əmin edirəm ki, bu gün milli komandanın başında Ayxan Abbasov yox, Fernandu Santuş və ya Canni De Byazi olsaydı, səfərdəki bu 1:1 hesablı nəticəni də əldə etmək asan olmayacaqdı.

Çünki məsələ təkcə baş məşqçidə deyil.

Məsələ illərlə yığılan problemlərdədir.

Ona görə də bir az ədalətli olaq.

Ayxan Abbasovu tənqid etmək olar. Mən də edirəm.

Amma hər şeyin günahını onun üstünə atmaq kənardan yaxşı görünmür.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti