"Qarabağ"da ayrılığa gedən yol

22 Sentyabr 2021 15:00 Qarabağ 2 708
"Qarabağ"da ayrılığa gedən yol

"Qarabağ" yayda istədiyi transferləri tez bir zamanda gerçəkləşdirə bilmədiyi üçün ağıllı gediş edərək, "B" variantı sayılan bir neçə transfer həyata keçirdi.

Məsələn, yeni hücumçunun alınmasının gecikməsi sabiq futbolçu Ramil Şeydayevin yenidən "Qarabağ"a qayıdışı ilə nəticələndi.

Əminəm ki, Qurbanov daha yaxşısını tapsa, Ramilə "ok" verməyəcəkdi.

Ötən mövsüm "Sabah"da birinci divizon səviyəsinə qədər eniş edən biri üçün bundan yaxşı mükafat ola bilməzdi. "Qarabağ"a ikinci qayıdış: yeni fürsət, yeni ümid demək idi.

Heyətdə istənilən qədər futbolçunun olmaması Qurban Qurbanovun davamlı Ramili oynatmasını şərtləndirirdi. Bu, hücumçunun nəhayət özünü isbatlaması üçün növbəti qızıl dəyərində olan şans idi.

Çünki heç bir basqı, təzyiq, rəqabət hiss etmədən Ramil hər oyun 90 dəqiqə meydanda olurdu.

Təsəvvür edin, Konfrans Liqasının təsnifat mərhələlərində baş tutan 6 görüşün dördündə 90, birində 71, digərində isə 81 dəqiqə Ramil meydanda olub. Özünü isbatlamaq üçün bundan əla şans? Ramil isə 512 dəqiqəyə sığan bu fürsətdə 1 qol belə vura bilmədi.

Yeni mövsümün startı ərəfəsində Qurbanov İbrahima Vadjinin timsalında istədiyi hücumçu transferi həyata keçirməyi bacardı. Seneqallı meydana çıxdığı ilk dəqiqələrdən öz səviyyəsini ortaya qoydu. "Neftçi" ilə derbiyə təsadüf edən ikinci oyunundaca 2 qol vurmaqla komandasına vacib 3 xal qazandırdı.

Konfrans Liqasının qrup mərhələsində "Bazel"lə Bakıda baş tutan görüşün ən yaxşılarından biri də elə Vadji idi. Əbəs deyil ki, 73-cü dəqiqədə onun Ramillə əvəzlənməsi azarkeşlər arasında üzüntü yaratdı.

Meydanda olduğu 17 dəqiqədə görüşün ən real qol epizodu sayılan fürsət Ramilə düşdü. Amma hücumçu bu şansı da dəyərləndirməyi bacarmadı.

Bəli, Ramil əzmkardı, döyüşkəndi, mübarizdi. 90 dəqiqə meydanda bütün gücünü qoyacaq birisidir. Amma hücumçusansa qol vurmalısan. Qol olmadıqca digər bütün keyfiyyətlər arxa plana düşəcək.

Vadji də meydanda əzmkar, döyüşkən futbolçudur. Amma onu əsas heyət üzvünə çevrilməsində mübarizliyindən çox "Neftçi"yə vurduğu 2 qol əhəmiyyətli rol oynadı.

Əlinə düşən şansdan növbəti dəfə istifadə edə bilməyən Ramil isə artıq əsas heyətdə yerini itirib və ehtiyat oyunçu statusu daşıyır. Əgər belə davam edərsə, mövsümün sonuna kimi bu status da əldən çıxa bilər. Bu isə Ramil üçün "Qarabağ"da ikinci eranın sonu demək olacaq.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!