"Sən necə gedib millinin adına ləkə sala bilərsən?"

20 Yanvar 2020 17:33 Qalmaqal 1 994
"Sən necə gedib millinin adına ləkə sala bilərsən?"

Bu gün AFFA 19 yaşlılardan ibarət millinin iki futbolçusunu qovub. Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) yığmanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib. Onlar Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan U-19-un düşərgəsini artıq tərk edib.

Qərarla bağlı Sportinfo.az-a açıqlama verən "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov xəbəri bizim saytımız vasitəsilə öyrəndiyini deyib: "15-20 dəqiqə olar ki, saytınızda gördüm bu xəbəri. Həqiqətən çox təəccübləndim.

Dərhal köməkçi məşqçi və qapıçılar üzrə məşqçi ilə əlaqə saxladım. Vüsal yerli - zaqatalalı uşaqdır, amma bizdə icarə əsasında çıxış edir, "Qəbələ"nin futbolçusudur. İndiyə qədər onun siqaret çəkməsi ilə bağlı heç nə eşitməmişəm, görməmişəm. Üstəlik dindar oğlandır, namaz qılandır. Yəqin, siqaret çəkib ki, onun barəsində belə qərar veriblər.

Millinin məşqçilərini yaxşı tanıyıram, Samir Əliyevlə bir klubda oynamışıq, Emin İmaməliyevlə birlikdə işləmişik. Bu insanlar işlərinə qarşı çox məsuliyyətlidirlər. Ona görə bu qərar elə-belə verilə bilməz. O insanlar peşəkar məşqçilərdir. Emin İmaməliyevin özü də Vüsalı yaxşı tanıyır, biz "Qəbələ"də işləyəndə qapıçı da orada olub.

Vüsalın atası da çox ciddi adamdır. Yəqin ki, nəsə tədbir görəcək. Kluba bu barədə indilərdə zəng olundu, rəsmi şəkildə məktub da göndərilib. Cəzaya gəlincə, əlbəttə ki, olacaq. Başqa cür ola da bilməz. Sən necə gedib milli komandanın adına ləkə sala bilərsən? İcarədə olsa belə, faktiki "Zaqatala"da çıxış edir. Millinin düşərgəsində belə hərəkətə yol verməsi, həm yığmanın, həm də klubun adına xələl gətirməsi çox xoşagəlməz haldır. Ona görə Vüsalı böyük bir cəza gözləyir. O, ağılsızlıqmı deyim, düşüncəsizlikmi edib deyim - hər halda gələcək, oturub danışacağıq və rəhbərliklə məsləhətləşəndən sonra qərarımızı verəcəyik. Ona veriləcək cəza digər uşaqlara da dərs olacaq. Bu cür şansı əldən buraxmaq çox pis haldır".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"