“Milan” ingiltərəli futbolçuları Fikayo Tomori və Ruben Loftus-Çikin müqavilələrini yeniləməyəcək.
Sportinfo.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, hər iki oyunçunun klubla müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.
İtaliya təmsilçisinin onların sözləşmələrinin müddətini uzatmaq niyyətində olmadığı bildirilir.
Tomori və Loftus-Çiklə yolların ayrılması “Milan”a maaş xərclərinə ildə təxminən 10 milyon avro qənaət etməyə imkan verəcək.
Müdafiəçi Tomorinin hətta yanvarda komandadan ayrıla biləcəyi istisna edilmir. Yarımmüdafiəçi Loftus-Çikin isə böyük ehtimalla, müqaviləsinin sonuna qədər “Milan”da qalacağı gözlənilir.
“Milan” A Seriyasında 5 turdan sonra 11 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
