"Emosiyaları cilovlamaq lazımdır" - "Qəbələ" rəsmisi

24 Oktyabr 2019 20:03 Qalmaqal 671
"Emosiyaları cilovlamaq lazımdır" -

UEFA Gənclər Liqasının birinci mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən "Qəbələ" - APOEL oyunu qalmaqalla yekunlaşdı.

Kipr klubunun Qəbələdə 1:0 hesabı ilə qalib gəldiyi matçdan sonra mərhələ keçmək sevincini kollektiv şəkildə qeyd etməsi yerli futbolçuları özündən çıxarıb. Nəticədə "Qəbələ"nin 3 oyunçusu qonaq komandanın üzvlərilə davaya çıxıblar. Meydan sahiblərindən Veysəl Rzayev rəqibə sillə vurduğu üçün qırmızı vərəqə ilə cəzalandırılıb.

Hadisə ilə bağlı Sportinfo.az saytına açıqlama verən Qəbələ Futbol Akademiyasının direktor müavini Nail Kərimov səfərdə daha yaxşı oynadıqlarını bildirib: "Nəyə görə məğlub olduğumuzu bu dəqiqə "isti başla" dəqiq deyə bilməyəcəm. Fikrimcə, komandamız Kiprdə daha yaxşı çıxış etmişdi. Çünki orada itirəcəyimiz heç nə yox idi. Komandamızı yaxşı tanıdığım üçün deyim ki, uşaqlar bu gün həyəcanı-gərginliyi ata bilmədilər. Final fitindən sonra yaşananlara gəlincə, futbol emosional oyundur. Hər şey bir anda baş verir. Düzdür, Gənclər Liqasının əsas prinsipi sırf qələbə qazanmaq yox, futbolun inkişafı, mədəniyyətlərin təbliği, dostluq və mehribanlıqdır. Yarış uşaqlar arasında keçirildiyi üçün belə məqamlar həmişə xüsusi qabardılır ki, oyunlar dostluq şəraitində keçsin. Emosiyaları cilovlamaq lazımdır. UEFA-nın əsasnaməsində hətta belə bir bənd də var ki, görüşdən sonra futbolçular əl verib görüşməlidirlər. Futbolçularımızla bağlı hansı tədbiri görəcəyik? Bunu video-təkrara baxdıqdan sonra müəyyən edəcəyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti