UEFA Gənclər Liqasının Qəbələdə keçirilən "Qəbələ" - APOEL qarşılaşması başa çatar-çatmaz qalmaqal yaşanıb.
Sportinfo.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, hər iki komandanın futbolçuları bir-birilərinə hücum çəkiblər.
Hadisənin mərkəzində meydan sahiblərindən Veysəl Rzayev, Rüfət Əhmədov, Əli Mürsəlov, kiprlilərdən isə qələbə qolunun müəllifi Ciannis Satsias olub. Veysəl Rzayev qələbəni çılğınqla qeyd edən rəqib düşərgədən hansısa futbolçulardan birini sillə ilə vurub. Məşqçilər və hakimlərin müdaxiləsindən sonra futbolçuları sakitləşdirmək mümkün olub. Qalmaqalın iştirakçılarından Veysəl Rzayev sonra qırmızı vərəqə alıb.
Digər tərəfdə - qəbələli azarkeşlərlə polislər arasında da qarşıdurma qeydə alınıb. "Qəbələ"nin "Red Black army" fan-klubunun yaradıcısı Azad polis tərəfindən bölməyə aparılıb. Buna səbəb azarkeşlərin tribunaları gec boşaltması olub. Asayiş keşikçiləri azarkeşləri zorla stadiondan çıxarmağa çalışıb və insident yaranıb.
Daha bir insident isə polislə klubun mühafizəçilərinin arasında olub. Azarkeşlə kobud rəftara görə polisə etiraz edən mühafizəçilər asayiş keşikçilərinə etiraz bildirib. Ara münaqişə böyümədən sakitləşib.

