Samir Əliyev əvvəl təkzib, sonra təsdiq etdi - MİLLİDƏ SİQARET QALMAQALI

23 Oktyabr 2019 16:40 Qalmaqal 1 161
Samir Əliyev əvvəl təkzib, sonra təsdiq etdi - MİLLİDƏ SİQARET QALMAQALI

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Çexiyada keçirilən Avropa çempionatının ilkin seçmə mərhələsində uğursuzluq yaşadığından xəbərdarsız. Çexiya və Norveçə müvafiq olaraq 0:4 və 0:1 hesabı ilə məğlub olan futbolçularımız yalnız zəif San-Marinoya qalib gəlməyi bacardı (2:0). Uğursuzluq azmış kimi, təmsilçilərimiz Çexiyada qalmaqalla da yadda qalıb.

Etibarlı mənbədən "Sportfm.az”a verilən məlumata görə, millinin məskunlaşdığı otel AFFA-nı cərimələyib. Futbolçuların siqaret çəkərək qaldıqları otaqlara ziyan vurmasına görə!!

Hadisədən hiddətlənən otel rəhbərliyi təcili olaraq federasiyasının işçilərinə durumla bağlı məlumat verib. Komandanın inzibati heyəti məsələni yerindəcə ört-basdır etmək, qalmaqalın baş katib Elxan Məmmədova çatmasının qarşısını almaq üçün uşaqlardan susmağı tələb edib. Üstəlik otel rəhbərliyinə dəyən ziyanı ödəmək şərtilə yanaşı, məsələnin mətbuata sızdırılmaması xahiş edilib. 500 avroya yaxın cərimə ödəyən AFFA işçiləri həmin pulları otaqlarını tüstü-dumana bürüyən uşaqların "sutoçnı"sından çıxıb. Təbii ki, bu da sirr kimi hamıdan gizli saxlanılıb. Bununla da məsələ yerindəcə operativ şəkildə "həll edilərək", "bir daş altda, bir daş üstdə qoyulub".

Baş vermiş hadisəyə aydınlıq gətirmək üçün U-19-un baş məşqçisi Samir Əliyevlə əlaqə saxladıq. Gənc mütəxəssis əvvəlcə məlumat təkzib etdi: "Mənim bundan xəbərim yoxdur. Ümumiyyətlə, belə bir hadisə baş verməyib. Futbolçulara "sutoçnı" verilib ki, onlardan pul da tutulsun? Yalan məlumatdır".

Maraqlıdır ki, baş məşqçi həqiqəti gizlətsə də, AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla "Qafqazinfo"ya açıqlamasında hadisəni təsdiqləyib: "Belə bir hadisə baş verib. Futbolçular qaldıqları oteldə siqaret çəkiblər. Milli komandanın daxili nizam-intizam qaydalarına görə həmin oyunçular da baş məşqçi tərəfindən cəzalandırılıb. Lakin bu məsələdə AFFA-nın hər hansı cəza alması doğru deyil. Belə hadisəyə görə federasiyanı kim cərimələyəcək? Sırf futbolçuların günahıdır və onlar da cəzalarını alıblar".

AFFA rəsmisinin bu açıqlamasından sonra təkrar Samir Əliyevə zəng vurduq. Yığmanın çalışdırıcısı bu dəfə hər şeyi olduğu kimi Sportinfo.az-a danışdı. Əliyev məlumatı təkzib etməsinin səbəbini də açıqladı:

"Açığı, oteldə belə bir xoşagəlməz hadisə olmuşdu. Buna qədər bizim xəbərimiz yox idi. Futbolçular toplanışlara gəlib-gedirdi. Yanvardan bu yana belə şey baş verməmişdi. Yəni, biz bilmirdik. Elə oldu ki, Çexiyada belə bir hadisə yaşandı. Bunun mətbuata çıxmağını istəmədik. Məsələni öz aramızda həll etdik. Amma görünür ki, kimlərsə bunu mətbuata ötürüb. AFFA-nın özünün daxili nizam-intizam kodeksi var. Buna uyğun onları cəzalandırdıq. Mətbuata çıxıb deyə nəyisə gizlətməyə ehtiyac yoxdur. Pul cəriməsi tətbiq etdik. Amma məbləğini, həmin oyunçuların kimliyini açıqlamayacam. Hadisənin milliləşdirilmiş futbolçulara heç bir aidiyyatı yoxdur. Öz futbolçularımızdır. Əlbəttə, düzgün hərəkət deyil. Futbolçular gəlib, üzrxahlıq etdilər. İndidən onların üstünə düşməliyik ki, gələcəkdə düzgün yolda olsunlar. Ən azından gəldiyi klublar da məlumatlı olmalıdırlar ki, heyətdə belə futbolçular var. Yəqin, özləri də tədbir görəcək".

Əliyev baş vermiş hadisəyə baxmayaraq, həmin futbolçuların seçmə mərhələ oyunlarında meydana çıxdığını bildirib: "Bizlə gedən 20 futbolçunun hamısı oynadı. Hər birindən istifadə etdik. Düzdür, heyətdən kənarlaşdırıb, daha ciddi cəza da vermək olardı. Amma hadisənin bilinməyini istəmədik. Təəssüf ki, belə oldu. Hər şey mətbuata ötürülübsə, artıq gizlətməyin mənası da yoxdur. Orada elə çox futbolçu olmayıb. Ortada 1-2 nəfərin söhbəti gedir. Cavandırlar, həyatı yaxşı dərk etmirlər. Elə bir yaşdır ki, səhv edə bilərlər. Əsas odur ki, bunu gələcəkdə təkrarlamasınlar. Hər biri istedadlı uşaqlardır. Onları oyunlarına, davranışlarına görə yığmaya dəvət edirdik. Hamı səhv edir. Bizim işimiz onları düz yola çəkməkdir".

Digər Xəbərlər
Xəbər Lenti