Gənc futbolçumuz atası haqda: "Bu adam edam olunmalıdır"

23 Oktyabr 2019 23:45 Qalmaqal 1 417
Gənc futbolçumuz atası haqda: "Bu adam edam olunmalıdır"

Arvadını qətlə yetirib özünü öldürmək istəyən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, qətli namus üstündə törətmədiyini deyir.

Sportrinfo.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində Sevinc Şükürova ifadə verib.

O deyib ki, təqsirləndirilən şəxs onun qayınatasıdır.

Hadisə günü evdə olduğunu deyən Sevinc Şükürova bildirib ki, qayınanası onu çağıraraq uşaqları yuxarı otağa aparmağı deyib: "Mən uşaqları aparandan sonra səs eşitdim. İlk olaraq başa düşmədim. Balkona çıxıb nə səs olduğunu aydınlaşdırmaq istədim. Sonra aşağı düşdüm. Gördüm ki, qayınanam yerdə uzanıb, yanında da tüfəng var".

Suallara cavab verən Sevinc Şükürova deyib ki, qayınanası ilə qayınatası arasında münasibətlər heç də yaxşı olmayıb: "Bir neçə dəfə mübahisə ediblər. Mənim yanımda qayınanam döyülməyib. Amma qayınanam mənə bir neçə dəfə döyüldüyünü danışıb. İki həftə əvvəl də gözü göy idi. Özü mənə danışmışdı ki, qayınatam döyüb".

Sevinc Şükürova suallara cavabında qayınatasının başqa qadınlarla münasibəti olmasını bildiyini deyib. Qeyd edib ki, bunu ona əri Nurlan deyib. Onun sözlərindən məlum olub ki, hətta Nurlanda atasının başqa qadınla fotosu da var imiş.

Məhkəmə iclasında şahid qismində Nurlan Novruzov da ifadə verib. O, mərhumun oğludur.

Nurlan Novruzov ifadə verməzdən əvvəl təqsirləndirilən şəxsə "ata" deyə müraciət etmək istəmədiyini bildirib, söyləyib ki, o, qatildir.

Peşəkar futbolla məşğul olan Nurlan Novruzov Azərbaycanda "Səbael", "Bakı" klublarının şərəfini qoruyub. Həmçinin Türkiyə klublarında da forma geyinib. Hazırda isə Moldovanın "Dinamo-Avto" klubunda karyerasını davam etdirir.

Sərbəst ifadə verən Nulan Novruzov uşaq vaxtından ailədə şiddət gördüyünü deyib. O bildirib ki, atası içki içib, ailədə dava salıb, anasını, qardaşını və onu dəfələrlə döyüb.

"Ən çox əziyyəti qardaşım və anam görüb. Həmişə anamı döyəndə deyirdi ki, səni öldürəcəm. Biz o qədər "öldürəcəm" sözünü eşitmişdik ki, adi gəlirdi. Heç vaxt ağlımıza gəlməzdi ki, belə bir hadisə baş verəcək. Uşaq vaxtı biz həyətdə oynayanda qardaşım qaça-qaça yanıma gəldi. Qorxudan danışa bilmirdi. Mən nə olduğunu soruşanda dedi ki, atam ona silah çəkib. Neçə dəfə silahla evin şüşələrini sındırıb"- deyən Nurlan Novruzov qeyd edib ki, anası heç vaxt ailədə söz-söhbətə səbəb olmayıb.

O, anasının günahsız yerə öldürülməsini qəbul edə bilmədiyini deyib: "Bir adam 30 ildən artıq bir yerdə yaşadığı insanı saniyənin içində necə öldürə bilər? Mənim anam bir mələk idi. Naxçıvanda olanda orda da bu adam anamı hədələyib. Qohumların yanında anama bıçaq çəkib. Deyib ki, səni öldürəcəm. Anam da yalvarıb ki, burada öldürmə, gedək Bakıda öldürərsən. Görün, anam necə biri olub. Saatlarla onun necə bir insan olduğunu danışa bilərəm. İnsan öldürmək bu qədərmi asandır? Belələrinə ən ağır cəza verilməlidir. Çünki bunun kimilər bizləri yetim qoyub. Hövsanda belə cinayətlər, demək olar ki, yox idi. Amma bu adam anamı qətlə yetirəndən sonra cinayətlər artıb. Sanki "Zahid arvadını güllələyib" deyib başqası da arvadını öldürür. Ümid edirəm ki, yaxın zamanlarda edam cəzası bərpa ediləcək. Bu insanlar yenidən cəmiyyət içinə çıxmamalıdır. Mən bu hadisədən sonra başıaşağı gəzirəm. Bu, uşaqlarının düşünmədir, həyatımızı məhv elədi".

Nurlan Novruzov atasının ağıllı adam olduğunu, bu işi də planlı şəkildə etdiyini deyib:

"Bu elə insandır ki, bir yalan danışsa, mən onun yalan olduğunu bilə-bilə buna inanaram. O qədər ağıllıdır və adamı inandırar. Mən Bakıya yeni gəlmişdim. Dostlarla görüşüb axşam evə gəlirdim. Mənim evə nə vaxt gəlib-getdiyimi izləyirdi. Hər işi planla edirdi. Maraqlı budur ki, həmin silah evə necə gəlib? Bir dəfə qardaşım və dayım polisə şikayət edib silahı ondan aldırmışdı. Sonradan o silah evə necə gəlib? Mən kamera görüntülərini də çıxarıb müstəntiqə verdim. Pəncərədən düşür, qapını arxadan bağlayır və yenidən pəncərədən içəri daxil olur. Amma silahı evə nə vaxt, necə gətirdiyini bilmirəm".

Nurlan Novruzov anasını öldürən şəxsə ən ağır cəza verilməsini tələb edib.

Zahid Novruzov oğlunun dediklərinin bəziləri ilə razılaşmayıb, söyləyib ki, Naxçıvanda olanda arvadını ölümlə hədələməyib. O, oğluna silah çəkmədiyini də deyib.

Məhkəmə sənədlərin tədqiqi mərhələsi ilə davam etdirilib.

Sənədlər tədqiq edilərkən Zahid Novruzovun telefondakı səs yazılarında başqa bir qadına "sən mənim həyatımsan", "qolum, ayağım olmasın, amma sən yanımda ol", "uşaqlar olmasa, bu arvadı vurub öldürərəm" kimi sözlər deyib. "Öldürərəm" deyərkən isə mərhum həyat yoldaşını nəzərdə tuturmuş.

Hakim Zahid Novruzovdan bu səs yazıları haqda soruşub. O deyib ki, səs yazılarını öz-özünə göndərirmiş. Heç bir qadına göndərmirmiş.

İttihama görə, hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında, binanın arxasında baş verib. Həmin ərazidə Təranə Novruzova əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.

Əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu arvadını namus üstündə öldürdüyünü bildirib.

O, həyat yoldaşına iki güllə vurduqdan sonra özünü güllələmək istəyib. Lakin silah əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb.

Yaralı şəkildə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, həyatını xilas etmək mümkün olub.

Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Zahid Novruzova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla Zahid Novruzov özünü təqsirli bilməyib, deyib ki, arvadını öldürmək niyyəti olmayıb.

Onun sözlərinə görə silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Hadisə baş verən zaman sərxoş olan Zahid Novruzov qeyd edib ki, həyat yoldaşından heç vaxt şübhələnməyib: "Yoldaşım namaz qılan, namuslu bir qadın idi. Mən istintaqda yoldaşımdan şübhələndiyimi, onu qısqanclığa görə öldürdüyümü deməmişəm. Müstəntiq bunları özü yazıb".

Zahid Novruzov yoldaşını vurduqdan sonra özünü güllələməsini isə belə izah edib: "Təranəni qan içində görəndə qorxdum. Buna görə də özümü öldürmək istədim".

Məhkəmə araşdırması davam etdirilir.

Digər Xəbərlər
Xəbər Lenti