"Keşlə"nin baş məşqçisi oyun alqı-satqısı barədə: "Bizdə belə şey ola bilməz"

22 Oktyabr 2019 16:18 Qalmaqal 827
"Keşlə"nin baş məşqçisi oyun alqı-satqısı barədə: "Bizdə belə şey ola bilməz"

"Rəhbərlik də, özüm də komandaya güvənirik. Futbolçularıma qarşı zərrə qədər də şübhəm yoxdur. Bizdə belə söhbət ola bilməz. "Ağsu"nun oyununda da mənə şübhəli gələcək nəsə görmədim" - bu sözləri Sportinfo.az saytına açıqlamasında "Keşlə-2"nin baş məşqçisi Rüstəm Əliyev deyib.

AFFA-nın "Ağsu"nun 2 futbolçusu ilə bağlı çıxardığı məlum qərardan sonra bölgə klubunun icraçı direktoru Rəşad Kərimov saytımıza verdiyi müsahibədə şübhələrin əsasən, son 2 turla bağlı olduğunu demişdi. Ağsu klubu son turda məhz səfərdə "Keşlə"nin qonağı olmuşdu. Azlıqda qalan Bakı klubunın xüsusən 10 dəqiqəyə 3 qol vurması oyunu şübhə altına alıb.

Federasiyanın çıxardığı qərardan xəbərdar olan gənc mütəxəssisin sözlərinə görə, bu məsələnin "Keşlə-2" ilə yaxından-uzaqdan əlaqəsi yoxdur: "Ağsu"nun icraçı direktorunun verdiyi müsahibəni mən də oxumuşam. Vallah, oyunun içində olmuşam, o dərəcədə hiss etməmişəm. Çünki məni öz komandam maraqlandırır. Düzdür, bizim oyunboyu qol epizodumuz həddindən çox oldu. Ancaq rəqibin bilərəkdən kobud səhvə yol verdiyini deyə bilmərəm. Bizim qırmızı vərəqə alandan sonra 4 qol vurmağımız şübhə yaradıb, amma yalan danışa bilmərəm. Mən şübhəli heç nə görmədim. Oyunun videoyazısına baxsaz, görərsiz ki, ilk hissədə 2-3 real qol fürsətini qaçırmışıq. Birinci hissədə hesab ən azından 3:0 olmalıdı idi".

Qırmızı vərəqənin oyuna təsir etmədiyini deyən Əliyevin fikrincə, "Keşlə" 9 nəfərlə qalsaydı, yenə qələbə qazanacaqdı: "Biz bu oyunu udmalı idik. Çünki ilk dəqiqələrdən göstərdiyimiz futbol belə düşünməyə əsas verir. 2 qırmızı vərəqə alsaydıq da, yenə qalib gələcəkdik. Uşaqlar çox həvəsli, istəkli oynayırdılar. Sadəcə qola qədər imkanlardan yararlana bilmirdik. Hesab açılandan sonra uşaqlarda özünəinam artdı, dalbadal qollar vurduq".

"Ortada ciddi ittiham var, oyun alqı-satqısından söhbət gedir, bəlkə futbolçularınızdan hansısa danışığa gedib, sizin xəbəriniz yoxdur?" sualına isə gənc məşqçi belə cavab verdi: "Qətiyyən, belə şey ola bilməz. Bizim komandada bu cür söhbət mümkünsüzdür. Belə bir şey olsaydı, əbəs yerə niyə hirslənirdim? İlk hissədə üst-üstə qol imkanlarını qaçırdıqca əsəbdən dəli olurdum. Futbolçularımdan zərrə qədər şübhəmiz yoxdur. Heyətimizə baxın, komandamız çox gəncdir. Elə bir təcrübəli futbolçumuz da yoxdur ki, hardasa belə bir işə qol qoymuş olsun. Bu məsələ ilə bağlı rəhbərlikdən də kimsə mənə zəng etməyib. Çünki bizə aid olmayan məsələdir".

Digər Xəbərlər
Xəbər Lenti