"Sabah"ın müdafiəçisi Təmkin Xəlilzadə Preyer Liqanın VIII turunun "Keşlə" ilə oyununda (1:1) baş vermiş hadisə ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, bu barədə şəxsi "İnstaqram" hesabında yazan futbolçu emosiyalarını cilovlaya bilmədiyini qeyd edib:
"Keşlə" ilə oyundan sonra görüşün baş hakimi Kamal Umudlu ilə aramızda yaşanan xoşagəlməz olay məni çox məyus etdi. Əslində ona normal tərzdə fikirlərimi çatdırmaq istədim. Ola bilər, bir az emosional alındı. Onun mənə qırmızı vərəqə göstərməsindən sonra isə özümü saxlaya bilmədim.
Yaxşı anlayıram ki, milli komanda və "Sabah" klubunun futbolçusu kimi emosiyalarımı cilovlamağa çalışmalıyam. Əvvəllər də qırmızı vərəqələr almışam, amma heç vaxt bu qədər aqressiv olmamışam. Hakimə hisslərimi bildirməkdənsə, hisslərimə hakim olmağı öyrənməliyəm. Karyeramın yaxşı dönəmini yaşayıram. Xüsusən milli komandada son oyunlarda vurduğum qollar məni lap həvəsləndirir. Kaş, belə məqamda bu cür hadisə olmayaydı. Xeyirlisi".
Qeyd edək ki, final fitindən sonra Kamal Umudluya hücum çəkən Təmkin onu vurmaq istəyib.

