Premyer Liqanın VIII turunun "Keşlə" - "Sabah" oyunu (1:1) qalmaqalla yadda qalıb. Final fitindən sonra qonaq komandanın müdafiəçisi Təmkin Xəlilzadə görüşün baş hakimi Kamal Umudluya hücum çəkərək, onu vurmaq istəyib. Yalnız polislərin müdaxiləsindən sonra referini futbolçunun əlindən almaq mümkün olub.
Baş vermiş xoşagəlməz hadisə ilə bağlı Umudlu ilə əlaqə saxladıq. Gənc hakim Sportinfo.az-a açıqlamasında bunları söylədi: "Üzrlü sayın, amma bizə bu haqda açıqlama verməyə icazə yoxdur. Oyunun protokolunda hər bir hadisəni detalları ilə qeyd etmişəm".
"Sabah"dan Təmkinlə danışmaq cəhdimiz isə boşa çıxdı. Klubdan bildirdilər ki, oyundan sonra yaşanmış məlum məsələylə bağlı araşdırma gedir, indiki halda hər hansı açıqlama verilmir.

