19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Samir Əliyev dünən "Futbol+" qəzetinə müsahibəsində U-21-in çalışdırıcısı Milan Obradoviçlə bağlı tənqidi fikirlər səsləndirmişdi. Gənc mütəxəssis həmkarının onu çətin vəziyyətdə qoyduğunu bildirmişdi:
"Oyunu Səbuhi Abdullazadənin üzərində qururuq. Seçmə mərhələdən əvvəl Obradoviç Səbuhiyə ehtiyac duyduğunu, ona əsas heyət üzvü kimi baxdığını dedi. Təəssüf ki, Fransa və İsveçrə ilə oyunlarda Abdullazadənin xidmətindən çox az istifadə etdi. Vacib oyunlar ərəfəsində məndən oyunçu götürüb oynatmırsansa, bu artıq...Vallah, bilmirəm buna nə ad verim. Hər şeyi Milanın vicdanına buraxıram".
Əliyevin fikirlərinə münasibət öyrənmək üçün Obradoviçlə əlaqə saxladıq. Serbiyalı mütəxəssis Sportinfo.az-a açıqlamasında həmkarına cavab vermək istəmədiyini söylədi. 42 yaşlı məşqçi qərarını bu cür izah etdi:
"Komandalarımız və oyunçularımıza aid olan hər şeyi AFFA-da müzakirə edib, danışırıq. Ona görə də bu mövzuda sizə başqa heç nə deyə bilməyəcəm. Çünki mən federasiyanın qaydalarına hörmət edirəm".

