Millət vəkili Jan-Lyuk Melanşon bu axşam keçiriləcək Fransa - Türkiyə seçmə oyunundan əvvəl qalmaqallı açıqlama verib. Sportinfo.az xəbər verir ki, fransalı deputat twitter səhifəsində "ay-ulduzlular"ın Albaniya ilə matçdakı əsgər salamından hiddətləndiyini yazıb:
"Əgər türkiyəli futbolçular hərbi jestlərini təkrar etsələr, onlara düşmən ordunun əsgərləri kimi baxmaq lazımdır. Onlara qarşı futbol oynamayacağıq. Bu, artıq idman deyil".
Fransada bir çoxları Türkiyənin Suriyadakı hərbi əməliyyatlarına etiraz olaraq, matçın təxirə salınmasını tələb edirlər. Ancaq UEFA -dan bildiriblər ki, Fransanın oyunu təxirə salmaq hüququ yoxdur, bunu ancaq yalnız Avropa futbol qurumu edə bilər.
Xatırladaq ki, Albaniya ilə oyunun 90-cı dəqiqəsində Cenk Tosun fərqləndikdən sonra türkiyəli futbolçular ordunun hərbi əməliyyatlarına dəstək olaraq əsgər salamı vermişdilər. Bu axşam isə Türkiyə yığması Parisdə Fransa ilə qarşılaşacaq. Oyun saat 22:45-də başlayacaq.

