Moldova millisinin baş məşqçisi Semyon Altman "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçukun yığmaya çağırılmamasının səbəbini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis yerli jurnalistlərə müsahibəsində bunu futbolçunun düşərgəni özbaşına tərk etməsiylə əlaqələndirib:
"Koçukun millidə oynamaqdan imtina etdiyini eşitməmişəm. O, yığmanın düşərgəsini özbaşına tək edib. Sadəcə, qarşıdakı toplanışa dəvət almayıb. Gələcək taleyi öz əlindədir. Kollektiv təkcə məndən ibarət deyil. Futbolçular, məşqçilər və rəhbərlik də bura aiddir. Şəxsi maraqları komandadan üstün tutmaq olmaz. Koçukla tanışlığa belə fürsətim olmayıb. İslandiyaya getdik, orada onu yaxından izlədim. Sonra isə əşyalarını topladı və "Azərbaycanda işim var" deyib getdi".
Qeyd edək ki, bu məlumatı ilk dəfə bir neçə gün öncə Sportinfo.az yazmışdı. Həmin vaxt "Səbail"in mətbuat katibi Törə Əhmədova saytımızı yalan xəbər yaymaqda ittiham etmişdi. Gec-tez həqiqət üzə çıxdı. İndi ortaya belə bir sual çıxır: kimdir yalançı? Biz, yoxsa "Səbail"in mətbuat xidməti?

