Bu gün mətbuatda AFFA-nın Nazim Süleymanovun təsis etdiyi Həmkarlar Təşkilatına və onun üzvlərinə təzyiq etməsi ilə bağlı xəbərlər yayılıb. İddiaya görə, "Kəpəz"də məşqçi işləyən Vidadi Rzayevə təşkilatdan çıxmaq tələbi qoyulub. Deyilib ki, bunu etməsə, klubdakı işini itirə bilər.
Məsələ ilə bağlı Rzayevin özü ilə əlaqə saxladıq. Veteran futbolçu Sportinfo.az-a açıqlamasında federasiyadan ona heç bir təzyiq olmadığını söylədi: "Əvvəlcə onu deyim ki, düz yazmayıblar. İkincisi, gərək mənim özümdən soruşaydılar. Heç bir təzyiq yoxdur. Kimsə nəsə deməyib. Elxan müəllimlə görüşüb söhbət etmişik. Elxan müəllim ali savadlı, ziyalı adamdır. Belə bir şey olsaydı, həmin vaxt özümə deyərdi. Başa düşmürəm, təzyiq nəyə görə olmalıdır ki? Lap AFFA-nın komandası olsun, işləyirik də. Onlar elə kiçik düşünən adamlar deyil".
Rzayev bir neçə gün öncə baş tutan Həmkarlar Təşkilatının təsis konfransında iştirak etməməsinin səbəbini də açıqlayıb: "Təşkilatın üzvüyəm, bunu əvvəldən demişəm. AFFA ilə təşkilat arasında yaranmış fikir ayrılğına münasibət bildirə bilmərəm. Bu sualları Nazim müəllimə versəz, ətraflı cavablandırar. Konfransda iştirak etməməyimizlə bağlı onu deyim ki, dəvət göndərmişdilər, sadəcə, işlə bağlı gedə bilmədim. Çünki tədbirdən iki gün sonra oyumunuz var idi. Ona hazırlaşırdıq".

