AFFA bu klubu çempionatdan kənarlaşdırmağa QORXUR?

19 Mart 14:00 Qalmaqal 1 645
AFFA bu klubu çempionatdan kənarlaşdırmağa QORXUR?

Azərbaycan futbolu dünən növbəti xəbərlə sarsıldı.

AFFA İntizam Komitəsi “İrəvan”ın iki oyunçusunu ömürlük futboldan uzaqlaşdırıb.

Bunlar Atlam Ege və Fəhmin Muradbəylidir. Adıçəkilən müdafiəçi və yarımmüdafiəçi danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Bundan başqa, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənov və Yusif Rüstəmov da danışılmış oyunlarda iştirak səbəbindən ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

Həmçinin 4 nəfər danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 illik futboldan uzaqlaşdırılıb.

Bunlar I Liqanın “İrəvan”dan Ramin Məhərrəmov, Kamal Mirzəyev, II Liqada çıxış edən “Baku Sportinq”in üzvü Vüqar Rəhimov və “Lerik”in oyunçusu Xətai Ramazanlıdır. Onların hər birinə 1 illik sınaq müddəti verilib.

II Liqada mübarizə aparan “Qusar”ın vitse-prezidenti Elvin Xudadatov isə mərc oyunlarında iştirak səbəbindən 1200 manat cərimələnib, 2 illik futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Daha öncə AFFA İntizam Komitəsinin I Liqanın 18-cı turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul etməsindən xəbərdarsız.

"İrəvan” – “Zaqatala” matçının 83-cü dəqiqəsində birincilərin heyətində Balamirzə Soltanovun əvəzinə meydançaya adı matçın protokolunda qeyd edilməmiş Kamil Mahmudov daxil olub.

Bu səbəbdən “İrəvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimə edilib.

Sözügedən oyunda "İrəvan" 3:0 hesabı ilə qalib gəlmişdi. Bu qərardan sonra 3 xalı silinən "İrəvan" 23 xalla 6-cı pillədə qərarlaşıb.

Qərbi Azərbaycan təmsilçisi 13-cü turda da bu halla diqqət mərkəzinə düşüb. “İmişli” ilə Bakıdakı qarşılaşmanın (1:3) ilk hissəsindən sonra meydan sahibləri dəyişiklik etmək istəyib.

Baş məşqçi Nazim Süleymanov 22 nömrəli futbolçunu meydana buraxıb. Lakin ehtiyat hakim görüşü başlatmaması ilə bağlı referiyə xəbərdarlıq edib.

Çünki həmin oyunçunun adı matçın iştirak ərizəsində yer almayıb. Yəni, Nazim Süleymanov adı protokolda olmayan futbolçunu meydana buraxmaq istəyib.

Təxminən 5 dəqiqə çəkən müzakirədən sonra hakimlər mütəxəssisi başa salmağı bacarıb. Həmin oyunçunun yerinə isə meydana Fəhmin Muradbəyli daxil olub.

Bunları boş yerə xatırlatmadıq. Rəhbərliyində dayanan şəxslər «İrəvan»ı adına layiq şəkildə idarə etmir.

I Liqada iştirakına icazə verildiyi tarixdən bu tərəfə klubda o qədər qalmaqal, qanunsuz hallar, insidentlər baş verib, saymaqla qurtarmaz.

Onların hamısını burada bir-bir yazsaq, gərək 3 gün, 3 gecə oyaq qalaq. Peşəkar Futbol Liqasının I Liqaya aid reqlamenti «İrəvan»a yaxşı nəsə vəd eləmir.

Beşinci - «Yarışlardan kənalaşdırılma» bənddə deyilir:

1.Klub mövsümün gedişində AFFA İntizam Komitəsinin qərarı ilə aşağıdakı hallarda yarışlardan kənarlaşdırıla bilər:

- Klub tərəfindən sistematik olaraq AFFA və PFL qərarları və mövcud Əsasnamənin qaydalarının pozulması.

- Komandanın matça 2 dəfə gəlməməsi.

- Matçın iştirakçılarına birbaşa və ya dolayısı ilə təsir etmək. Oyunun nəticələrinə təsir etmək üçün rüşvət verməyə cəhd etmək və ya rüşvət vermək.

Biz 5-ci bəndin ikinci və üçüncü hissələrinə hələ toxunmuruq. Çünki ilk bölüm kifayətdir ki, AFFA «İrəvan»la bağlı müvafiq və ən obyektiv qərarı versin.

Nə olmalıdır? Əlbəttə ki, «İrəvan» çempionatdan kənarlaşdırılmalıdır. Ya indi, ya da mayda - istənilən halda klub rəhbərliyi göstərdiyi fəaliyyətə görə belə münasibəti haqq edir.

Onlara dəyib-dolaşan, işlərinə maneə törədən olmayıb. Nə pislik var, özləri özlərinə və kluba qarşı eləyiblər.

Futbolçuların aldadılması, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi, aylarla əməkhaqqı almayan komanda üzvlərinin AFFA-ya kütləvi şikayəti, bir çoxunun düşərgəni tərk eləməsi, üstəlik, 4 oyunçunun son «alver» olayında adının çəkilməsi - daha nə baş verməlidir ki, AFFA «İrəvan»ı çempionatdan uzaqlaşdırsın?

AFFA İcraiyyə Komitəsi ötən ilin yayında böyük yanlışa yol verdi. Ali qərarverici orqanın üzvləri Zahid Niyazəliyevi və onun başına toplaşanları tanımalıydı, kim olduqlarını öyrənməliydi.

İcmadan gələn bir zənglə klubun I Liqaya buraxılması başda Rövnəq Abdullayev olmaqla, İcraiyyə Komitəsinin çox böyük qəbahətidir.

Necə ola bllər ki, Z.Niyazəliyev barədə neqativ xəbərlər internet resurslarında aşıb-daşsa da, bu hörmətli şəxslər onların bircəciyini görməyib, eşitməyib, araşdırmayıb?

Keçən əsrin ortalarında, yaxud Nuh əyyamında yaşamırıq ki, bir hadisədən xəbər tutmaq üçün günlərlə, aylarla gözləyəsən. Azərbaycan balaca ölkədir, futbol sferası isə ondan da balacadır.

Burada hamı bilir ki, kim kimdir, hansı əməlin sahibidir. Zahid Niyazəliyevin ad-soyadını «quql»da yazan kimi adamın qarşısına az qala yüzlərlə material çıxır.

AFFA-da, PFL-də «n» qədər şəxs çalışır, İcraiyyə Komitəsi bu qərarı verməzdən öncə onlardan Niyazəliyev və digər fiqurlar barədə rəy ala bilməzdi? Doğrudanmı, bu qədər adamın gözü kor, qulağı kar olub?

Ziyanın yarısından qayıtmaq da faydalıdır. İcraiyyə Komitəsinin etdiyi xətanı düzəltmək indi İntizam Komitəsinin üzərinə düşüb.

Bəlkə bununla dəniz çalxalanar və təmizlənər. Qarabağ qazisi olan futbolçulardan Region Liqasında oynatmaq üçün yalandan «üzvlük haqqı» toplayan, AFFA-nın havayı payladığı forma və inventarları pulla satan məxluqlar «İrəvan»ın adını daşıdığı bölgəyə ləkədir.

Bu yaramazların İrəvanın adından sui-istifadə etməsinə yol verilməməlidir. Yaxşı olar ki, hüquq-mühafizə orqanları «İrəvan»ın çətiri altında gizlənib min hoqqadan çıxan, tarixi torpaqlarımızın təmsilçisi olan klubu öz şəxsi maraqlarının əsirinə çevirənlərin AFFA-dakı «dayaq nöqtələri»ni araşdırsın.

Belələri var və onların əməlləri ifşa edilməlidir. Şübhə eləmirik ki, tezliklə növbə bu zatlara da çatacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"