“Xəzər Lənkəran“ rəhbərliyi daha bir saxtakarlığa əl atır, AFFA göz yumur - SON DƏQİQƏ

8 May 2023 16:00 Qalmaqal 1 652
“Xəzər Lənkəran“ rəhbərliyi daha bir saxtakarlığa əl atır, AFFA göz yumur - SON DƏQİQƏ

Region Liqasında mövsümün sounna gəlməkdəyik.

Artıq iki yarımfinalçının adı məlumdur -

«Çinar» və «Qusar» finala gedən yolda növbəti addımı atıb. Üçüncü yarımfinalçı ya «Marxal» olacaq, ya da «Xəzər Lənkəran 42».

Bu komandalar arasında dünən keçirilməli olan ¼ final mərhələsinin cavab qarşılaşması təxirə salınıb.

Buna səbəb ¼ final mərhələsinin ilk oyununda baş verən hadisədir. Cənub klubu "Marxal"la səfər qarşılaşmasında çempionatın əsasnaməsini pozub, meydana 2 "lipa" buraxıb.

Şəkidəki görüşdə 1:3 hesabıyla uduzan "ağ-yaşıllar" peşəkar status daşıyan Elvin Mirzəyevlə İlyas Səfərzadənin xidmətindən istifadə edib.

Belə ki, ötən mövsüm "Xan Lənkəran"ın formasını geyinən bu oyunçular 2022-ci ilin iyulunda Tacikistana yollanıb və əsas liqada çıxış edən "Fayzkand"ın formasını geyinib.

"Xəzər Lənkəran"ın yetirmələri bu ilin yanvarında Asiya təmsilçisindən ayrılıb və vətənə qayıdıb.

Region Liqasının əsasnaməsinə görə, çempionatda peşəkar statuslu futbolçular çıxış edə bilməz.

İştirak ərizəsinə daxil edilən oyunçunun ən yaxşı halda son 1 ili professional klubda forma geyinməməsi tələb olunur. Elvinlə İlyas isə cəmi 4 ay öncə Tacikistandan geri dönüb.

Bu faktın üstünü Sportinfo.az açıb. Saytımızın ortaya qoyduğu faktlara AFFA-nın baş katibi Sərxan Hacıyev həssas yanaşıb.

Məhz onun müdaxiləsindən və göstərişindən sonra federasiyanın müvafiq orqanları bununla bağlı araşdırmaya başlayıb.

Sərxan Hacıyev nədənsə qorxub çəkinməsə, yəni, ədalətli araşdırma getsə, “Xəzər Lənkəran”a 0:3 hesablı texniki məğlubiyyət veriləcək və çempionatdan kənarlaşdırılacaq.

Çünki adlarını yuxarıda çəkdiyimiz oyunçular yarışın 1/8 final mərhələsində “Ağsu 06” ilə qarşılaşmalarında da meydana çıxıb.

Amma… Aldığımız son informasiya, doğrudan da, məyusedicidir. AFFA-da Region Liqasına məsul şəxslərin bəzisi “Xəzər Lənkəran 42“ rəhbərliyi ilə əlbir hərəkət edir.

Bunda məqsədləri nədir, yəqin ki, Sərxan Hacıyev öyrənmək istəsə, öyrənər. Təxmin edirik ki, xəbəri yoxdur.

Odur ki, komputerə yaxın otursun və bu məlumatı da biz ona verək. Deməli, “Xəzər Lənkəran 42“nin arxasında dayanan şəxslər "Fayzkand"dan olan həmkarları ilə əlaqə yaradıb.

Onlar tacik tərəfindən saxta sənəd vermələrini xahiş edib. Guya ki, azərbaycanlı futbolçular "Fayzkand"dan bu ilin yanvarında deyil, ötən ilin sentyabr ayında ayrılıblar.

Habelə bildirilib ki, həmin sənəd AFFA-ya təqdim edilməsi üçün lazımdır.

Komandadaxili toplantıda isə elan olunub ki, AFFA onlardan belə bir sənədin gəlməsini gözləyir və əgər "Fayzkand" bu xahişi yerinə yetirsə, federasiya onu əsas götürəcək.

Yəni, “Xəzər Lənkəran 42“ın cavab qarşılaşmasına çıxmasında heç bir problem qalmayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı