"AFFA rəhbərliyi kabinetdən çıxmalı, futbolu meydandan idarə etməlidir" – QALMAQALLI VİDEO

5 Yanvar 2023 17:40 Qalmaqal 893
"AFFA rəhbərliyi kabinetdən çıxmalı, futbolu meydandan idarə etməlidir" – QALMAQALLI VİDEO

Tanınmış jurnalist Mərdan Həsənov bugünlərdə sosial şəbəkədə etdiyi paylaşımla böyük bir problemə diqqət çəkib.

Belə ki, AFFA-nın təşkil etdiyi U-14 Liqası çərçivəsində keçrilən «Lion» - «Sumqayıt» oyunu yarımçıq dayandırılıb.

Həmkarımızın yazdığına görə, hadisəyə səbəb ev sahiblərinin məşçilərinin hakimlərə və rəqibin futbolçularına hücüm etməsi olub.

M.Həsənovun olayla bağlı qeydlərini və yaydığı videonu saytımızda işıqlandırmışdıq. Bu, qalmaqalın geniş ictimaiyyətə çatmasını sürətləndirib, geniş rezonans doğurub.

Newsport.az saytının təsisçisi və baş redaktoru Sportinfo.az-a bildirib ki, bu, onun uşaq futbolunda şahidi olduğu ilk belə hal deyil:

«Aşağı yaş qrupları üzrə ölkə çempionatının oyunlarını yaxından izləyən biri kimi dəfələrlə bu kimi hallarla qarşılaşmışam.

Məşqçilərin, valideynlərin meydana daxil olması, kənardan məşqçilərin, hakimlərin işinə müdaxilə… Bəzən bu, hakimlərin səhvlərindən qaynaqlanır.

Amma bu o demək deyil ki, valideynlər, məşqçilər meydana girib, hakimlərə, uşaqlara fiziki təzyiq göstərsin. «Leon»dakılar dəfələrlə belə hərəkətlər edib.

Şəxsən iki dəfə onların bu cür hərəkətlər elədiyini görmüşəm. Bundan öncəki turda «Leon» «Səbail»lə qarşılaşırdı və fasilədə onların 3 məşqçisi hakimlər otağına daxil olaraq, səs-küy saldı.

Mən oradakı polislərə müraciət etdim ki, hakimlərin təhlükəsizliyi sizdən asılıdır. Ondan sonra həmin məşqçiləri otaqdan çıxardılar.

AFFA belə komandaları və onların məşqçilərinin hərəkətlərini görmürmü? AFFA-nın uşaq futboluna cavabdeh şəxsləri bunları görmürmü?

Görürsə, niyə onları sərt formada cəzalandırmırlar? Bəlkə bu cür adamların futbola xeyir verəcəklərini düşünürlər?

Uşaq futbolunda cəzasızlıq hökm sürür. Əslində, ən yaxşı şərait, ən yaxşı məşqçilər, ən yaxşı həkimlər uşaq futbolunda olmalıdır.

Məşqçilərə yüksək əməkhaqqı verilməlidir ki, uşaq futbolunda işləməyə razılaşsınlar. Bunlar olmasa, futbolun təməlinin möhkəmliyindən söhbət gedə bilməz.

Uşaq futbolundakı problemləri əlimizdən gələn qədər işıqlandırmışıq. Sözümü eşidənlər də olub, qulaqardına vuranlar da.

Elə klublar var ki, iradları eşitməyib. Elələri də var ki, qaldırdığımız problemləri ciddiyə alıblar.

Çəkib göstərmişik, ortaya fakt qoymuşuq, həmin klub cavabdehlər barədə cəza tədbiri görüb, məşqçinin lisenziyası əlindən alınıb.

Belə hallar xoş deyil və mənə də maraqlıdır ki, AFFA-nın son hadisəylə bağlı yekun qərarı nə olacaq. Belə məşqçilərin futbola verə biləcəyi heç bir xeyir yoxdur.

«Lİon»un rəhbərliyini tanımıram və bilmirəm, amma bir uşağın boğazından yapışan, digərinin qarınına təpik vuran, daha sonra onların valideynlərinin ünvanına təhqiramiz ifaədələr işlədən məşqçiyə ən ağır cəza kəsilməlidir.

O söyüşləri eşidən uşaq sabah hansı tərbiyə sahibi olacaq? Bu oyun yarımçıq dayandırılıb. Lap dayandırılmasaydı belə, belə oyunların nə faydası var?

Bu kimi halların qarşısını almaq üçün AFFA rəhbərliyi, bu sahəyə məsul şəxsləri kabinetlərdən çıxmalıdır. Uşaq futbolu kabinetdən yox, meydandan idarə olunmalıdır.

Uşağın boğazından yapışan, qarınına təpik vuran məşqçi layiqli cəza almalıdır. İstər AFFA, istərsə də hüquq-mühafizə orqanları tərəfindən.

Çünki bu yaşda meydanda döyülən uşaq ömürlük travma alır. İndi hamının əlində telefon var, kim belə şey görür, o dəqiqə videoya çəkir, qoyur «yutub»a.

Bir uşaq döyülürsə, bunu min uşaq görür və o da qorxur ki, sabah belə hadisə onun da başına gələ bilər».

Digər Xəbərlər
Xəbər Lenti