Klub rəhbəri onu ittiham edən məşqçinin cavabını verdi: “Mən özbaşına hərəkət etmirəm“

22 May 2022 14:00 Qalmaqal 1 043
Klub rəhbəri onu ittiham edən məşqçinin cavabını verdi: “Mən özbaşına hərəkət etmirəm“

Ayxan Abbasovun “Turan Tovuz”a baş məşqçi təyin olunması ilə əsas zərbə Yunis Hüseynova dəydi.

Çünki təcrübəli çalışdırıcının adı bölgə təmsilçisi ilə yanaşı hallanırdı.

Hətta özü də mətbuata açıqlamasında karyerasını Tovuzda davam etdirəcəyinə dair klub rəhbərliyi ilə razılıq əldə olunduğunu bildirmişdi.

Sövdələşmə baş tutmayandan sonra Hüseynov saytımıza verdiyi müsahibədə “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayevi “ağ yuyub, qara sərmişdi”.

Abdullayevi səriştəsiz və şou yaradan klub rəhbəri kimi təqdim etmiş, Oqtay bəyin bir daha onunla üz-üzə gəlməyəcəyini söyləmişdi.

Bu dəfə bölgə təmsilçisinə rəhbərlik edən şəxsə - Oqtay Abdullayevə tribuna verməyi qərara aldıq.

Görək, Yunis Hüseynovun baş tutmayan təyinatı haqda o nə deyəcək, gəncəli çalışdırıcının dediklərinə münasibəti necə olacaq:

“Yunis futbolçu karyerasına hörmət etdiyim insanlardandır. Özünə də həmişə hörmətim olub. Ona görə haqqımda dediklərinə görə incimirəm. Deyib, deyib də, Allah canını sağ eləsin.

Həmin vaxt Yunisdən başqa bir neçə məşqçinin də adı çəkilmişdi. Onda hamısı məndən küsüb-incisin? Mən özbaşına hərəkət etmirəm.

Klubun Müşahidə Şurası var. Baş məşqçinin seçimi ilə bağlı məsələ orada müzakirə olunur, sonra qərar qəbul edilir.

Mən üzvlərlə məsləhətləşmədən qərar versəydim, başqa məsələ. Yunis məndən inciyirsə, şəxsi işidir.

Amma bu işdə inciməli bir şey yoxdur. Məşqçi işi belədir də, bu gün iş var, sabah yoxdur”.

“Turan Tovuz” 5 məşqçi – Yunis Hüseynov, Ramiz Məmmədov, Əsgər Abdullayev, Ramin Quliyev və Ayxan Abbasovla danışıq aparsa da, komandanı növbəti mövsümdə sonuncunun çalışdırmasına dair qərar qəbul edilib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda