AFFA-nın futboldan uzaqlaşdırdığı klub rəhbəri “od püskürdü”: “Deyirlər, çəkil kənara”

27 Noyabr 2021 22:20 Qalmaqal 2 554
AFFA-nın futboldan uzaqlaşdırdığı klub rəhbəri “od püskürdü”: “Deyirlər, çəkil kənara”

AFFA İntizam Komitəsinin sonuncu iclası ağır qərarların çıxarılması ilə yadda qaldı.

Bu mənada “Neftçi” İK İB – “Atletico Baku” matçında yaşananlar əsasında qəbul olunan qərarlar diqqət çəkdi.

Bir daha xatırladaq ki, komandanın icraçı direktoru Xalid Hacıyev “Atletico Baku” komandasının futbolçularının valideynlərini hakimlərə qarşı ədavətə və qəddarlığa vadar etdiyi üçün 6 aylıq yarışlardan kənarlaşdırılıb.

Həmin oyun başa çatdıqdan sonra “Atletico Baku” komandasının məşqçiləri Namiq Cəfərov və Sərraf Əhmədov hakimləri təhqir etdiyi üçün hər iki məşqçi 3 oyunluq cəzalanıb.

Ağır cəzaya layiq görülən Xalid Hacıyev Sportinfo.az-a açıqlamasında “od püskürüb”.

Komanda rəsmisi qərardan razı olmadığını, bunun üçün apellyasiya şikayəti etdiyini, şikayətinə müsbət cavab verilməyəcəyi halda məhkəməyə müraciət edəcəyini deyib:

“Əvvəla onu deyim ki, günahsız olduğumuzu sübut etmək üçün AFFA-nın Apellyasiya və Arbitraj Tribunalına müraciət etmişik. Qərar bizdəki faktları araşdırılmadan verilməməliydi.

3 ildir “Atletico Baku”dayam, Azərbaycan futbolunun inkişafına töhfə vermək istəyirik. Hakimlər Komitəsində rəy verən Arif Ağayev adlı şəxs “Neftçi” İK İB-nin üzvü kimi üzə çıxıb, meydana daxil olan hakimlər briqadasının rəhbəri ilə öpüşüb-görüşdüyü anı lentə almalıydım. Onda başa düşərdilər ki, bizə qarşı qərəzli mövqe hələ oyundan əvvəl başlamışdı.

Qəddarlıq və zorakılıq çox ağır məfhumdur. Haqqımda verilən qərarla məni ölkə uşaq futbolunda anti-reklam ediblər. Buna görə AFFA-ya “təşəkkürümü” bildirirəm. Gələn həftənin ilk günləri müraciətimə cavab veriləcək. Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılovu şəxsən tanıyıram. Ona sual verdim ki, assosiasiyadakı hüquqşünaslar qəddarlıq və zorakılıq məhfumunu necə anlayır?

Deyirəm, qəddarlıq və zorakılıq konkret dava-dalaş və hakimlərin döyülməsi ilə nəticələnən prosesdir. Düzdür? Deyir, düzdür. Bir də ki, qəddarlıq və zorakılıq olan yerdə hadisə yerinə polis dəvət olunmalıydı, ya yox? Qəddarlıq olan yerə güc qüvvələri cəlb olunardı.

Qərar verənlər öz versiyası əsasında qanunları yaxşı bilən adam kimi valideynləri qəddarlıq və zorakılığa təhrik etdiyimi yazib. Mən də apellyasiya məktubumda qarşı tərəfi dinləmədiklərini, valideynlərin şikayət ərizələrindən xəbərsiz olduqlarını bildirmişəm. Birtərəfli qaydada qərar veriblər.

“Atletico Bacu” vergi qeydiyyatından keçən, bu adın müəllif hüququnu qoruyan, bank hesabı olan klubdur. Bu gün komandamız PFK-larla mübarizəyə rəng qatıb. Sabah “Atletico Baku”dan bir futbolçunun üzə çıxması komanda adına qürurdur.

Hakimin yanlış yox, qərəzli idarəçiliyinə AFFA niyə qiymət vermir? Nə vaxta qədər qərəzli hakimlərin cəzaları ilə bağlı qərarlar gizli saxlanılacaq? Özləri cəzasızlıq prisumsiyası yaradırlar ki, şikayət edən klub-komandaların əlində fakt olmasın. Cəzalananları bilmək üçün mütləq A komandası olmalıyıq? Məgər əsas komandalar komandadı, aşağı yaşlılar yox? Əsl futbol elə uşaq futbolundan başlayır.

Azərbaycanın uşaq futbolunda onsuz da bir sıra qüsurlar var idi. 3 ildir yaranmış komandanın qarşısını müxtəlif yollarla almaqla süni şəkildə dağıtmağa cəhdlər belə olur. Mənə də ağır cəzanı ona görə verirlər ki, Xalid Hacıyev, futbol sənlik deyil, çəkil kənara, ölkə futbolunun ağası bizik.

İnsan nə qədər axmaq olmalıdır ki, “ay valideynlər, durun hakimləri döyün” deməklə ətrafdakıları zorakılığa təhrik etsin. “Dalğa Arena”da uşaq futbolunda keçirilən oyunlardan görüntüləri sizə təqdim etsəm, digər klublar məni xoşagəlməz görüntüləri ictimailəşdirməkdə günahlandırar. O iyrənc halları görsəz, deyərsiz ki, sizə 6 ay cəza verilirsə, bu adamlar ilyarımlıq cəzaya layiqdir.

Deməli, “Atletico Baku” digər klublar kimi AFFA-dan maliyyələşmir, assosiasiyadan asılı durumda deyil deyə, digərlərinin pis əməllərinə göz yumulur. Öz maliyyəsi hesabına ayaq üstə duran komandanın qarşısı isə süni yollarla alınır.

Şikayətim təmin olunmasa, birbaşa məhkəməyə müraciət edəcək, cənab Prezident səviyyəsində Milli Məclisin İdman Komissiyasının sədri Adil Əliyevə, gənclər və idman naziri Fərid Qayıbova məktub ünvanlayacam. Və həmin müraciətimdə bunların ölkə futbolunun inkişafı yolunda hansı maneələr törətdiyini qeyd edəcəyəm.

Özünüz də yaxşı bilirsiz ki, bu cür hallarda futbolçuların emosiyaları pik həddə çatır. Amma protokola baxın, görün, futbolçularımız son oyunda sarı və ya qırmızı vərəqə alıb, ya yox. Deməyim odur ki, bu yollarla məni haqsızlığa, hakim qərəzinə münasibət bildirməmək, şikayət etməmək üçün uzaqlaşdırırlar.

Gələcəyin futbolçularını uşaq futbolunda “sındırırlar”, sonra da “futbolçu yetişmir” deyirlər. Halbuki, maliyyənin pis olduğu dönəmdə “Atletico Baku” kimi komandaların olması AFFA-nın xeyrinədir, nəinki ziyanına. AFFA uşaq futboluna görə UEFA-ya hesabat verir. Amma anlamırlar ki, bir sıra qərarlarla uşaq futbolunu məhv edirlər”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti