Azərbaycan futboluna kimlər ağalıq edir? - GÜNÜN SUALI

7 Fevral 2021 15:00 Qalmaqal 1 181
Azərbaycan futboluna kimlər ağalıq edir? - GÜNÜN SUALI

Azərbaycan kubokunun 1/4-nın cavab görüşlərinə dünən start verildi.

Gözlənildiyi kimi, Qəbələdə sensasiya baş vermədi.

Evdə 3, səfərdə 3 topla "Qarabağ" rəqiblə indiki fərqi ortaya qoydu. Bu oyun üzərində ciddi dayanmağa ehtiyac yoxdur.

Əvvəldən bütün diqqətlər Bayıla yönəlmişdi. İlk matçdan sonra yazmışdıq: Aftandil Hacıyev-Ayxan Abbasov duelinin ilk hissəsi başa çatmışdı, cavab qarşılaşması isə öz prinsipiallığını qoruyurdu.

Hər iki komandanın start heyətindəki dəyişiklər öz yerində, oyunun ilk hissəsi Sumqayıtdakı ikinci yarının davamı idi. "Gənclik şəhəri"nin futbolçularına ilk hissədəki bərbad oyundan sonra ikinci bölümdə vaxt çatmamışdı.

Bu, cavab qarşılaşmasının ilk dəqiqələrindən açıq hiss edilirdi. Təzyiq, bərabərlik qolunun tez vurulması, Sumqayıtdakı səhvin düzəldilməsi üçün futbolçular alışıb-yanırdılar.

Ayxan Abbasovun komandasının necə oynayacağını əvvəldən sezmək çətin deyildi, başqa yolları da qalmamışdı. Aftandil Hacıyev bu dəfə oyuna yanaşmada səbrsizlik etdi.

"Sumqayıt"ın gözlənilən və təklif etdiyi oyuna eyni qaydada qarşıllq verdi. Rəqib buna məcbur idisə, "Səbail" daha ehtiyatlı davrana bilərdi. Ax ilk matçın nəticəsi buna imkan verirdi.

Aftandil Hacıyev möhkəm müdafiə quraraq, oyunu arxadan nizamlayaraq əks-hücumlara bel bağlasaydı, gedişat daha effektli, istənilən kimi alına bilərdi.

Amil Yunanov, Rauf Əliyev kimi boş zonaları vevən, bundan istifadə edə biləcək hücumçular var. Əfran İsmayılov kimi texnikalı oyunçular, ehtiyac olduqda, ikinci yarıda meydana atılıb nəticəni dəyişmək iqtidarında olan futbolçulardır.

Fasilədən sonra yorğun olaraq bunu qismən bacardılarsa, daha enerjili halda artığını edərdilər. Aftandil Hacıyev ilk dəqiqələrdən qol vurub "Sumqayıt"ı "sakitləşdirmək" istəyirdi. Alınmadı. Əksi baş verdi.

"Səbail" ilk yarıda kifayət qədər şansları olsa da, sürətli əks-həmlələrin qurulmasında axsadı. Əsasən cinah yarımmüdafiəçiləri vaxtında dəstəyə qoşula bilmirdilər, geçikirdilər.

Ümumiyyətlə, hücumlar dayaq bölgəsindən qurulurdu və sıx müdafiəyə ilişirdi. Oyunun ilk 30 dəqiqəsində kənar reydlərdən az istifadə edilir, Əfranın, Ekşteynin dayaq bölgəsindən yersiz dribluqləri və top itkiləri baş verirdi.

Hakim özbaşınalığı olmasaydı, bəlkə çətinliklə də olsa, bayıllılar sumqayıtlıların təzyiqinə dözə bilərdilər. Baxmayaraq ki, ilk siqnal artıq gəlmişdi. Kamran Ağayev öz bacarığını göstərərək, komandanı real qoldan xilas etmişdi.

Orxan Məmmədovun matçda ən doğru qərar start fiti ilə bitdi.

Sonrakı dəqiqələrdə futbolçular hakimsiz oyunu yola verirdilər. Əli Qurbaniyə qarşı açıq-aşkar kobudluq, "Səbail"in futbolçusu irəli can atarkən, arxadan rəqib tərəfindən itələnməsi, başqa xırdalı-böyüklü qayda pozuntularını baş hakim görmürdü.

Hiss olunurdu ki, yaxın dəqiqələrdə nəsə baş verəcək.

Göstərilən 11 metrə illər öncə başıbəlalı "Rəvan" - "Xəzər Lənkəran" görüşünü xatırlatdı. Demək olar eyni nöqtə, eyni oxşar haqsızlıq. 2016-cı ilin maayında Ramil Diniyev, dünən də Orxan Məmmədov özünü "xoş sözlər"ə qonaq etdi.

Qərar verilirdisə, simulyasiyaya görə əks tərəfə və sumqayıtlının sarı vərəqəsi ilə bitməliydi. Bu epizod matçın qırılma nöqtəsidir.

"Səbail" şokdan ayılmamış, qapısında ikinci qolu da gördü.

Əvvəlcədən deyək, "Səbail" ikinci hissədə dönüş yarada bildi. Əfranın vurduğu qolun sayılmaması da mübahisəlidir. Rauf Əliyev passiv ofsaydda olsa da, topa müdaxiləsi yox idi.

Belə vurulmuş qollar sayılmalıdır. Etirazlar isə səngimirdi. Matçda yeganə qırmızı vərəqəyə layiq olan baş hakim öz bacarıqsızlığından sarı, qırmızı vərəqələri paylamaqla məşğul idi.

Son saniyələrdəki haqlı penalti gözdən pərdə asmaqdan başqa bir şey deyildi.

Aftandil Hacıyev-Ayxan Abbasov arasında cavab görüşünün məşqçilik dueli bərbad idarəçiliyə görə baş tutmadı.

Duel daha "yuxarılar"da oynanıldı.

Elxan Məmmədov-Riad Rəfiyev cütlüyü Tamerlan Abdullayev-Ramin Musayev tandeminə qalib gələrək, Azərbaycan futbolunda kimlərin ağalıq etdiyini göstərmiş oldular.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti