Türkiyəli futbol şərhçisi Ertem Şener bu mövsüm “Sabah”ın Çempionlar Liqası matçlarında iş başında olacaq.
Sportinfo.az sportify.az-a istinadla xəbər verir ki, Şener Azərbaycan təmsilçisinin oktyabrın 13-də Bakı Olimpiya Stadionunda Çexiyadan “Slaviya Praqa”ya qarşı keçirəcəyi II tur qarşılaşmasının iştirakçıları arasında olacaq.
Onun gəlişi məhz klubun dəvəti əsasında gerçəkləşəcək. Lakin Şener bu dəfə heç bir yayımçı telekanalda oyun şərh etməyəcək.
“Sabah” rəhbərliyi Çempionlar Liqasının əsas mərhələsindəki ilk ev oyununda bir sıra əcnəbi inflüenserləri görmək istəyib. Klub açılış matçı öncəsi şou-proqram hazırlayıb.
Məhz bu fəaliyyətin dünya mediasında yüksək səviyyədə işıqlandırılması məqsədilə geniş auditoriyaya malik məşhur simaların dəvət olunması qərara alınıb.
Türkiyəli şərhçi ötən mövsüm “Qarabağ”ın Çempionlar Liqasındakı qarşılaşmaları ərəfəsində Bakıya gələrək, Sport TV vasitəsilə oyunları şərh edirdi. Bu dəfə isə o, “Sabah”ın dəvətini məmnuniyyətlə qəbul edib.
“Sabah” – “Slaviya Praqa” matçı saat 20:45-də başlanacaq.
