AFFA-nın yeni rəhbərliyi bunu bilsin ki... Real namizədlər

26 Mart 20:40 Problem 1 381
AFFA-nın yeni rəhbərliyi bunu bilsin ki... Real namizədlər

Azərbaycan millisi son iki oyunda sərgilədiyi oyunla gələcəyə ümid verdi.

Hə, nəticələr tam ürəyimiz istədiyimiz kimi olmadı.

Məsələn, Monqolustanın qapısına azı 3 top vurmaq olardı, Bolqarıstanı məğlub etmək mümkün idi. Rəsmi turnir prizmasından yanaşsaq, 2 oyuna 4 xal. Pis deyil.

Bunu edən nə Robert Prosineçki oldu, nə Nikola Yunrçeviç, nə də Canni de Byazi. Millinin sükanı arxasında saçlarını Azərbaycan futbolunda ağartmış Arif Əsədov dayanmışdı. Yanındakılar da vaxtilə yığmanın formasını geyinmiş İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev idi.

Bilirəm, son nöqtəni qoya bilməmək, qol vəziyyətlərini sağa-sola xərcləmək, həlledici anda doğru qərar qəbul etməmək kimi problemləri görəndə hər birin(m)iz inkişafın olmadığına uca səslə etiraz etmisiniz. Haqqın(m)ız var, əlbəttə. Şeydayev lazım olan anda ötürmə vermirsə, Dadaşov 5 metrdən “çərçivə”ni nişan ala bilmirsə, bundan sonra onlara nəsə öyrətmək mümkün deyil. Qablarında olandır, bu gün olanımız budur.

Yəni, Klopp da gəlsə, xeyri yoxdur. Futbolçunun bacarığı baş məşqçiyə bağlı olan bir şey deyil. Məşqçinin savadı rəqibi komandanın təhlili, oyun qurmaq, əvəzetmələr, gedişatı dəyişmək kimi amillərlə ölçülür.

Məhz bu iki oyunda milli rəqiblərini bütün statistik göstəricilərdə üstələdi. Yığmamız 180 dəqiqə hücum futbolu oynadı, üst-üstə azı 30 real qol imkanı yaratdı, kornerlərin sayını itirdik, əvəzetmələrdən oyuna qoşulanlardan biri - Ceyhun Nuriyev qol ötürməsi verdi, digəri – Musa Qurbanlı hesabı bərabərləşdirdi.

Oyunu quran, lazım olan tapşırıqlarını verən məhz azərbaycanlı məşqçilərdən təşkil olunmuş heyət idi. De Byazi olsaydı, sizi inandırım, bəlkə də Bolqarıstan bizimkiləri məğlub edəcəkdi.

İtalyan da qarşılaşmadan sonra rəqib futbolçuların Almaniya, İtaliya, Niderland kimi ölkələrdə top qovmasına, reytinq cədvəlində bizdən qabaqda olmasına dair moizələr oxuyacaqdı.

Odur ki, millini əcnəbilərə etibar etməyə gərək yoxdur. “Material” beynəlxalq standartlara cavab vermirsə, ustanın hansı ölkədən olmasının nə fərqi?

“Neftçi”ni çempion edən, uzun illərdir millilərdə işləyən, daxildəki ab-havadan xəbərdar olan, futbolçuların xarakteristikasını əlinin içi kimi bilən Arif Əsədov gözlərinizin qarşısındadır.

İmkan yaradın, baş məşqçi kimi davam etsin, millinin timsalında hücum futbolu oynayan komanda görək. Sabah uduzanda da yanıb-yaxılmayaq. Bilək ki, hamısı özümüzdən olanlardır, gəlib, pulumuzu qazanıb, gedəndən sonra da dalımızca ağzına gələni danışan yox.

Bugünkü milli istənilən halda yerli məşqçilərdən birinə tapşırılmalıdır. Olmasın Arif Əsədov, olsun Elmar Baxşıyev, Tərlan Əhmədov, Premyer Liqa klublarında çalışanlardan biri.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"