Mahirə çay verin, içində mixəyi, köklikotusu da olsun

27 Mart 23:00 Problem 2 016
Mahirə çay verin, içində mixəyi, köklikotusu da olsun

Dünyanın bütün ölkələrində futbolçular milli komandaya qürur mənbəyi, bayraq, dövlətçilik gözü ilə baxır.

Bəlkə də yeganə ölkə Azərbaycandır ki, futbolçularımızın böyük əksəriyyəti yığmaya CV-sini doldurmaqla qiymətini qaldırmaq və qələbələr fonunda pul qazanmaq kimi yanaşır.

Ölkəmizin bir nömrəli futbol komandasının Monqolustan və Bolqarıstanla yoldaşlıq matçlarından əvvəl zədəyə görə millidən kənarda qalan Mahir Emreli ilə Anton Krivotsyukun sosial şəbəkə hesablarında nə ilə yadda qaldıqlarına fikir verdiniz?

Anton xanımı ilə bağlı post paylaşmışdı. Mahir isə gülümsədiyi yerdə çəkilən şəklini qoyub, altına “Çay verərsən?” yazmışdı.

Hansısa birinin qarşıdakı oyunlarda komanda yoldaşlarına uğur arzuladığını görmədim, açığı. Nə də Monqolustan üzərindəki qələbədən sonra təbrik sözlərinə rast gəldim.

Mahirin paylaşımlarına gələn rəylərdən azarkeşlərin ona qəzəbləndiyini görmək çətin deyildi. Biri futbol oynamasının vacibliyini yazmışdı, digəri onu qəlyana dəvət etmişdi, bir başqası da fərqli formada məsxərəyə qoymuşdu.

Xviça Kvaratsxeliyanın hər həftə transfer dəyərinin artdığı vaxtda, Gürcüstan millisinin Avropa çempionatının final mərhələsinə vəsiqə qazandığı dönəmdə Azərbaycanın ən perspektivli futbolçularından sayılan biri sosial şəbəkədə çay adı ilə kiməsə söz atırsa, ya da bu formada ucuz paylaşım edirsə, yaxın gələcəkdə bizimkilərdən nəsə gözləmək yersizdir.

Hə, Mahir, sənə pürrəngi çay verən tapılar, içində də mixəyi, kəklikotusu ilə. Amma sən də çay içmək, qəlyan çəkməklə yanaşı, Azərbaycanı Avropada layiqincə təmsil etməyi bacar.

Tək Emreli yox, elə digərləri də.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!