Yeni rəhbərlik Fərid Qayıbovu AFFA-dan küskün salıbsa…

15 Aprel 01:10 Problem 742
Yeni rəhbərlik Fərid Qayıbovu AFFA-dan küskün salıbsa…

Artıq xeyli müddətdir ki, AFFA ilə AGİN arasında "sərin küləklər əsir".

Bunun konkret nədən qaynaqlandığını demək çətindir.

Lakin axırıncı hadisələrdən sonra həmin münasibətlərin yaxşılaşacağını ehtimal etmək sadəlövhlük olardı.

Gənclər və idman naziri Fərid Qayıbovun AFFA-nın son Hesabat-Seçki Konfransına qatılmaması onun gedişatdan narazı olmağına işarə idi.

Kuluarlarda gəzən söhbətlərə görə, Fərid Qayıbov ölkə futbolunun həyatında daha yaxından iştirak etmək istəyirdi. Bunun üçün AFFA rəhbərliyində onun kadrlarının da yer alması planlaşdırılmışdı.

Lakin bu məsələyə fərqli baxışı olan yeni rəhbərlik təzə komandada Fərid Qayıbovun adamlarına yer vermədi.

Bununla həm də nazirə göstərdilər ki, onu futbola yaxın buraxmaq niyyətində deyillər. Hər halda münasibətlərin necə tənzimlənəcəyini zaman göstərəcək. Amma ortada futbolumuz naminə çözülməli olan məsələ var.

Xeyli vaxtdır ki, AGİN xaricdə doğulan azərbaycanlı futbolçuların yerli pasport alması prosesində çətinliklər çıxarır.

Bununla sanki milliləşdirməyə qarşı olmaları görüntüsü yaradırlar. Heç cür qəbul etmək istəmirlər ki, milliləşdirmə Ozobiç, Almeyda, Höccət Haqverdi kimilərinə pasport vermək deməkdir.

Valideynləri azərbaycanlı olan Ayxan Hüseynov və başqaları bizim həmvətənlərimizdi, buna milliləşdirmə adı qoymaq düzgün deyil. Əgər həmin futbolçular millimizdə çıxış edəcəklərsə, onlara mütləq şəkildə yerli pasport vermək lazımdır.

Bu, ciddi problemdir. Vəziyyəti dəyişmək çətin olacaq. Fərid Qayıbovu küskün salıblarsa, nazirliyin süni əngəlləri davam edəcək. AFFA-nın yeni prezidenti Rövşən Nəcəf nə olursa, olsun bunun çözümünü tapmalıdır.

Həmid

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU