Ermənistanın Zəngəzur dəhlizini arxa plana keçirmək cəhdi - baş tutacaqmı?

10 İyun 18:10 Problem 337
Ermənistanın Zəngəzur dəhlizini arxa plana keçirmək cəhdi - baş tutacaqmı?

Ermənistan rəhbərliyi Azərbaycanın yüksək önəm verdiyi Zəngəzur dəhlizinin açılmasına imkan vermək niyyətində olmadığını getdikcə daha açıq bəyan edir.

Ötən həftə ərzində bu ölkənin baş nazir aparatının rəhbəri və digər yüksək vəzifəli şəxsləri Azərbaycanın Naxçıvan və Türkiyə ilə birbaşa əlaqəsini təmin edəcək kommunikasiya dəhlizinin açılmayacağına dair bəyanatlar səsləndirdilər.

İyunun 20-də keçiriləcək parlament seçkilərində əsas namizədlərdən biri olan keçmiş prezident Robert Köçəryan da dünənki çıxışında heç bir halda Ermənistan ərazisindən hər hansı nəqliyyat dəhlizinin açılmasına imkan verilməyəcəyini bildirib.

Belə görünür ki, Ermənistan rəhbərliyi 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın tələblərinə əməl etməkdən yayınmağa çalışır. Ermənilər Naxçıvana quru yolunun Qazax-İcevan-Culfa marşrutu ilə təmin olunması kimi absurd bir təklif irəli sürməkdədilər. Onlar üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin adının çəkilmədiyini, yalnız kommunikasiyaların açılmasından söhbət getdiyini əsas gətirməklə mümkün təzyiqlərdən də yayınmaq istəyirlər.

Bir çox müşahidəçilər hesab edirlər ki, İrəvan rəhbərliyini bu layihənin əleyhinə körükləyən xarici qüvvələr var. Bu qüvvələr olaraq İranı, Rusiyanı, hətta bəzi Qərb dövlətlərini nişan verənlər də az deyil. Yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün ciddi dividentlər vəd edən bir layihənin baş tutmaması kimə sərf edir ki, onun reallaşmasını ermənilərin əli ilə əngəlləməyə çalışırlar?

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov:

Tofiq Zülfüqarov: “Azərbaycan bir müddətdən sonra Rusiyadan razılaşmanın icra olunmamasının səbəbini soruşacaq”

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, Zəngəzur dəhlizi məsələsini müzakirə edərkən ilk növbədə “dəhliz”lə adi kommunikasiya əlaqəsi arasındakı fərqə diqqət yetirmək lazımdır: “”Dəhliz" eksterritorial layihəni nəzərdə tutan anlayışdır. Dövlət başçılarının 10 noyabr razılaşmasında nəzərdə tutulur ki, dəhliz Rusiya sərhədçilərinin nəzarətində olacaq. Bu, dəhlizin bir növ eksterritorial - yəni Ermənistanın digər ərazilərindən fərqli statusa malik olmasını nəzərdə tutur. Bu baxımdan onun, məsələn, Laçın dəhlizindən fərqi ondan ibarətdir ki, ikinci 5 illik müddətə nəzərdə tutulur. Amma Zəngəzur dəhlizi üçün hər hansı müddət qoyulmayıb. Buna görə də ermənilər yaxşı başa düşürlər ki, bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yaradılacaq bir dəhlizdir və Ermənistan faktiki olaraq ona nəzarəti itirir. Məsələ bundan ibarətdir - Ermənistan sonradan başa düşdü ki, kommunikasiyaların açılması ölkənin qanunvericiliyi çərçivəsində baş verən prosesdirsə, dəhliz məsələsi tam fərqli anlayışdır, xüsusi status tələb edəcək. İndi bunu başa düşdüklərinə görə dəhliz məsələsinin baş tutmamasına çalışırlar. Deyirlər ki, sizə Naxçıvanla əlaqə lazımdırsa, biz Qazax-İcevan-Naxçıvan marşrutu ilə onu təmin edirik. Əgər dəhliz istəyirsinizsə, siz də bizə öz ərazinizdən Rusiyaya dəhliz verin. Azərbaycan isə bildirir ki, bu, razılaşmada nəzərdə tutulmurdu. Azərbaycana həmçinin adi marşrut sərf etmir. Çünki dəhliz daha mötəbər və Rusiyanın təhlükəsizlik təminatında olacaq layihədir. Ermənilər faktiki olaraq, Zəngəzur dəhlizini razılaşmada ayrıca statusla qəbul etməklə öz suverenliklərinə təhlükə yaratdıqlarının fərqinə indi varıblar".

Ekspertin sözlərinə görə, üçtərəfli razılaşmanın icrasına Rusiya prezidenti Vladimir Putin özü təminat verib: “İndi ermənilər razılaşmanın mühüm bir bəndini icradan imtina edirlərsə, Azərbaycan da məsələ qaldıracaq ki, onda digər bəndin icrasından da biz imtina edirik. Beynəlxalq hüququn əsas prinsiplərindən biri budur ki, hər hansı saziş o vaxta qədər qüvvədə olur ki, tərəflər onu icra etməyə razıdılar. İndi bir tərəf bir bəndin icrasından imtina etmək istəyir. Demək, digər bəndlərin də icrası sual altına düşür. Buna görə də bir müddət sonra Azərbaycan Rusiyadan soruşacaq ki, təminat verdiyiniz razılaşmanın bir bəndi niyə icra olunmur? Bilirsiniz, Zəngəzur dəhlizi ilə Laçın dəhlizi bir-birinə bağlı məsələlərdir. Biri icra olunmursa, digərinin da icrasının dayandırılması mümkündür”.

Sabiq nazirin fikrincə, Rusiya tərəfinin Ermənistanın sərgilədiyi mövqeyə reaksiya verməməsi iyunun 20-də orada keçiriləcək seçkilərlə bağlıdır:

“Görünür, hələlik bu məsələnin qəti qoyulmamasının səbəbi də seçkilərlə bağlıdır və hesab edirəm ki, məntiqli məsələdir. Ermənilər hələlik seçkiqabağı səs qazanmaq üçün məsələni tez-tez qaldırırlar”.

Ermənilər Zəngəzur dəhlizi məsələsindən istifadə edərək Azərbaycandan əlavə güzəştlər qoparmağa çalışa bilərlərmi? T.Zülfüqarov bunu mümkün saymır: “İndiki mərhələdə güzəştləri qopartmaq üçün ya gərək Azərbaycan zəif olsun, ya da hansısa tərəfdən asılı olsun. Biz hərbi cəhətdən, iqtisadi və sair baxımdan güclü tərəfik. İkincisi, Zəngəzur dəhlizi məsələsi Ermənistanla Rusiya arasındakı problemə çevrilir. Bu dəhliz məsələsi yalnız Azərbaycanın istəyindən asılı olan məsələ deyildi, burada Rusiya və İranın birbaşa maraqları var. Onlar bu dəhliz nəticəsində Şimal-Cənub regional nəqliyyat dəhlizinin canlanacağını yaxşı bilirlər. Bu isə Skandinaviya ölkələrindən Fars körfəzinə qədər böyük bir ərazinin dəmiryol xətti ilə birləşməsi, bu yolla yükdaşımaların artması deməkdir. Azərbaycan üçünsə bu, regional tranzit imkanlarından əlavə, Naxçıvan və Türkiyə ilə birbaşa əlaqə yaratmaq deməkdir. Bundan əlavə, Rusiya Gürcüstandan kənar ərazidən Türkiyə ilə birbaşa əlaqəsinin yaranmasında maraqlıdır. Sadəcə, ermənilər öz ərazilərində xüsusi statuslu bir dəhlizin olması fikri ilə barışmaq istəmirlər”.

Sabiq nazir hesab edir ki, Zəngəzur dəhlizinin açılması tam real bir məsələdir: “Ermənistan bu dəhlizin işə salınmasından hansısa zərər görməyəcək - yol Araz çayı boyunca gedir və demək olar ki, heç bir yaşayış məntəqəsindən keçmir. Ermənilər özləri daim blokadada olduqlarını deyirlər. İndi sual yaranır ki, niyə kommunikasiyaların açılmasına, blokadanın aradan qaldırılmasına imkan vermirsən?”

POLİTOLOQ ASİF NƏRİMANLI: SƏRHƏDDƏ TƏXRİBATLAR GÖZLƏNİLƏN İDİ

Asif Nərimanlı: “Zəngəzur dəhlizində çox böyük qüvvələrin maraqları var və Ermənistan ona mane ola bilməyəcək”

Siyasi şərhçi Asif Nərimanlı bildirir ki, Zəngəzur dəhlizində çox böyük qüvvələrin maraqları var və Ermənistan ona mane ola bilməyəcək: “Çindən Britaniyaya uzanan ”Bir kəmər, bir yol" layihəsində Azərbaycandan keçən Orta Dəhliz Qarabağ müharibəsindən sonra daha da aktuallaşdı və Şimal və Cənub dəhlizlərinin Bakı üzərində altılıq platforması çərçivəsində birləşməsi ideyası ortaya çıxdı. Əslində böyük tabloda baxdıqda 30 il sonra müharibə edə bilməyimiz və qalib gəlməyimizin əsas səbəbinin bu layihə olduğunu deyə bilərik. Azərbaycan Prezidenti geosiyasi dəyişikliyi doğru oxuya bildi.

Zəngəzur dəhlizi üzərindəki geosiyasi toqquşma da bu prosesin tərkib hissəsidir. Çətinliklər olacaq, amma Cənubi Qafqazdakı regional toqquşmada qalibin Azərbaycan, bölgə üzərindən aparılan geosiyasi toqquşmada qalibin Azərbaycanın yer aldığı cəbhənin olacağı ehtimalı böyükdür. Çünki “Bir kəmər, bir yol” Avrasiyanın, eləcə də dünyanın gələcəyini müəyyənləşdirəcək layihədir. Çindən başlanan pandemiyanın ABŞ-da zirvəyə çatmasına da, Türk Şurasının regional gücə çevrilməsi perspektivinə də, rusların TŞ-yə qoşulmaq niyyətini yenidən gündəmə gətirməsinə də bu kontekstdə baxa bilərik. Pandemiyadan sonra haqqında tez-tez bəhs edilən yeni dünya artıq təkqütblü olmayacaq. Rusiya və İran layihədə yer alır, amma Moskva və Tehranın əks-həmlələrinin səbəbi Orta Dəhlizin aktuallaşması ilə layihədən daha az pay götürəcəkləri narahatlığı və Ankaradan Mərkəzi Asiyaya uzanan coğrafiyada yeni regional gücün formalaşmasıdır.

Yeni dünyada Azərbaycanın siyasi tarazlıq yaradan oyunçu olduğu da zamanla daha aydın görünəcək".

Dünya SAKİT

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 16:50 Qəribə olay – FOTOLAR